ELM VƏ TƏHSİL
Bakıda “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” beynəlxalq konfransı işə başlayıb
![](/files/galleryphoto/2022/2/1200x630/16578954573999410292_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/165789545728251187_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16578954572500928821_1200x630.jpg)
Bakı, 15 iyul, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” mövzusunda beynəlxalq konfransın açılış mərasimi olub.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, tədbir iştirakçıları Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Pakistan Ədəbiyyat Mərkəzi ilə tanış olublar.
Konfransda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli açılış nitqi söyləyib. Akademik Azərbaycan-Pakistan əlaqələrinin 30 illiyinə töhfə olan konfransın Lahor Dövlət Kollec Universiteti ilə birgə təşkil edildiyini bildirib. Bu münasibətlə Pakistandan 11 nəfər heyət gəldiyini və artıq müəyyən tədbirlər keçirildiyini xatırladıb. İsa Həbibbəyli AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovla Rəyasət Heyətində görüş olduğunu, Nizami Gəncəvinin heykəli önündə xatirə şəkilləri çəkildiyini, AMEA-nın Rəyasət Heyətinin binası ilə tanışlıq və qonaqların Azərbaycan Milli Tarix Muzeyini ziyarət etdiyini vurğulayıb.
İsa Həbibbəyli Lahor Dövlət Kollec Universitetinin nümayəndə heyətinin ölkəmizə və akademiyaya ilk səfərinin AMEA ilə Pakistanın Lahor Dövlət Kollec Universiteti arasında imzalanmış anlaşma memorandumuna yeni şərait yaradacağından bəhs edib. Azərbaycan-Pakistan qardaşlıq əlaqələrinin inkişafından danışan akademik İsa Həbibbəyli elmi əməkdaşlığın tarixindən və bu günündən də söz açıb. O, konfrans çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Pakistan guşəsinin açılacağını, Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin, Azərbaycan Yazıçılar Birliyinin “Dünya ədəbiyyatı” jurnalının Pakistan ədəbiyyatına həsr olunmuş xüsusi buraxılışının təqdimatının baş tutacağını, Quba Soyqırımı Memorial Kompleksinə, bir sıra muzeylərə ziyarətin təşkil ediləcəyini bildirib.
Konfransın açılış mərasimində Pakistan İslam Respublikasının Azərbaycandakı səfirinin müavini Müəzzəm Əli, Lahor Dövlət Kollec Universitetinin Urdu dili kafedrasının müdiri professor Saima İram və professor assistenti Almas Xanım da çıxış ediblər.
Sonra AMEA Sosiologiya İnstitutunun icraçı direktoru tarix elmləri doktoru, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı sabiq səfiri Eynulla Mədətli “Azərbaycan-Pakistan: dostluq və qardaşlığın tarixi kökləri”, Lahor Dövlət Kollec Universitetinin Ərəbşünaslıq və islamşünaslıq kafedrasının müdiri Hafiz Məhəmməd Nayem “Azərbaycan: multikulturalizmin və dinlərarası harmoniya modeli kimi”, Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədov “Azərbaycan-Pakistan ədəbi əlaqələri: tarix və bu gün”, Lahor Dövlət Kollec Universitetinin Fars dili kafedrasının dosenti Babar Naseem Assi “Nizami Gəncəvi: “Xəmsə”nin yaradıcı şairi” mövzularında məruzə ediblər.