SİYASƏT
Bakıda “Böyük millət - güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda dəyirmi masa keçirilib
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Sosial Tədqiqatlar Mərkəzində “Böyük millət - güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ekspertlər, KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyəti sədrinin müavini Elşad Mirbəşiroğlu müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunub saxlanılmasının vacibliyini vurğulayıb və bu amal uğrunda mübarizə aparmağın, onun keşiyində durmağın hər bir Azərbaycan vətəndaşının vəzifəsi olduğunu qeyd edib.
Bildirilib ki, Azərbaycan Vətən müharibəsindən sonra bütün layihələrdə yeni obraz kimi iştirak edir. "Təbii ki, buna qədər də bizim inkişaf göstəricilərimiz yaxşı olub. Amma etiraf etmək lazımdır ki, torpaqlar işğal altında olanda hamımız narahat idik. İndi Azərbaycan Ordusunun qüdrəti sayəsində torpaqlarımız azaddır və güclü Azərbaycan daha da güclənib. Azərbaycançılıq ideyasının əsas hədəfi son nəticədə güclü Azərbaycanı qurmaq idi. Prezident İlham Əliyevin strateji baxışları azərbaycançılıq ideologiyasının əsasında duran arzuları təmin edə bildi. Ulu Öndər bildirmişdi ki, taleyüklü planların İlham Əliyev tərəfindən yerinə yetiriləcəyinə inanır. Bu gün Azərbaycan qüdrətli dövlətdir. Böyük millət güclü dövlət ideologiyası artıq bizim yeni siyasi xəttimiz kimi görünə bilər. Bu baxımdan da dəyirmi masanın mövzusu yeni ideoloji baxışlarla bağlıdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının əsas məqsədi güclü və qüdrətli Azərbaycan yaratmaq idi. Biz bu məqsədə nail olmuşuq”, - deyə STM-nin rəsmisi qeyd edib.
Deputat diqqətə çatdırıb ki, hazırda Azərbaycanın qarşısında yeni inkişaf meyarları dayanır. Ölkəmiz, həmçinin qlobal meyarlara təsir göstərmək və konstruktiv qərarlar qəbul etmək imkanına malikdir.
Sonra videoçarx nümayiş olunub.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədr müavini, professor Musa Qasımlı Azərbaycanın güclü dövlət olmaq yolunda keçdiyi çətinliklərdən bəhs edib. O bildirib ki, güclü dövlət quru sözlərlə deyil, hər zaman ədalətli qanunlarla qurulur. 1993-cü ildən sonrakı dövr güclü dövlətin yaradılmasının başlanğıcı idi.
Musa Qasımlı diqqətə çatdırıb ki, modernləşməyən dövlət məhvə məhkumdur. Azərbaycan məhz modernləşmə yolu ilə irəliləyir. Azərbaycan Prezidentinin vurğuladığı kimi, dövlətin, millətin güclü və qüdrətli olması üçün tələb edilən amillərdən biri də məhz budur.
Bildirilib ki, milli şüur, milli özünüdərk və milli hərəkat millətin formalaşmasında çox mühüm amillərdir.
"Böyük millət-güclü dövlət" ideologiyasının əhəmiyyətini qeyd edən Milli Məclisin deputatı ölkəmizin multikultural ənənələrindən də danışıb. O, Azərbaycanda yaşayan müxtəlif azsaylı xalqların bir nəfər kimi Vətən müharibəsinə qoşulduqlarını, mərdliklə mübarizə apardıqlarını vurğulayıb.
“Bizim dövlətin təməlində sabitlik dayanır. Bizə etnik deyil, dövlət milliyyətçiliyi lazımdır. Güclü hədəflərə çatmaq üçün güclü dövlət olmalıyıq. Güclü dövlətin güclü lideri də olur”, - deyə deputat qeyd edib.
Fəlsəfə və Sosiologiya İnstitutunun Baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə çıxışında bildirib: “Böyük millət sözü böyük ideoloji anlayışdır. Bu, ideoloq alimlərin və ideoloji işlər sahəsində ixtisaslaşan şəxslərin məşğul olmalı olduqları işdir. Çünki bu dövlətlərin bir millət kimi funksiyalaşması asan məsələ deyil. Şuşa Bəyannaməsi də bu mövzunun təcəssümüdür. Azərbaycanın əməkdaşlıq əlaqələri təkcə Türkiyə ilə deyil, digər dövlətlərlə də var. Müasir Azərbaycan qalibdir və müasirlik həmişə inkişafda olmaq deməkdir”.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, fəlsəfə elmləri doktoru, professor Tahirə Allahyarova, Bakı Avrasiya Universitetinin elmi işlər üzrə prorektoru, siyasi elmlər doktoru, professor Gülzar İbrahimova, Milli Məclisin deputatı Fazil Mustafa və siyasi şərhçi Samir Hümbətov çıxışlarında "Böyük millət-güclü dövlət" ideologiyasının aspektlərindən danışıblar. Bildirilib ki, regionda yeni reallıq yaradan Azərbaycanın gücü, qüdrəti getdikcə artır və nüfuzu möhkəmlənir. Millət və dövlət olaraq daha sıx birləşməli və məqsədlərimizə doğru inamla irəliləməliyik.