Bakıda gənclərin ən böyük fləşmobu keçirilib
Bakı, 2 fevral, AZƏRTAC
Dənizkənarı Milli Parkda 2 fevral - Gənclər Günü münasibətilə gənclərin ən böyük “Yallı” fləşmobu olub.
AZƏRTAC xəbər verir ki, fləşmob Azərbaycan Respublikasının Gənclər Fondu, Dənizkənarı Bulvar İdarəsi, “Mədəniyyət” kanalı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb. Fləşmobda gənclərin milli rəqslərimizin sədaları altında nümayiş etdirdikləri həmrəylik maraqla izlənilib.
Qeyd edək ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.