İQTİSADİYYAT
Bakıda III Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir
Bakı, 4 iyul (AZƏRTAC). İyulun 4-də Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə Bakıda III Azərbaycan Beynəlxalq Sığorta Forumu işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, “Qafqaz regionunda yeni perspektivlər” mövzusunda keçirilən forumda regionun, həmçinin Türkiyə, Mərkəzi Asiya, Avropa, Rusiya və MDB-nin sığorta, təkrarsığorta və broker şirkətlərinin nümayəndələri iştirak edirlər.
Azərbaycan maliyyə nazirinin müavini Azər Bayramov tədbirdə çıxış edərək son illər ərzində ölkəmizdə Azərbaycanda sığorta sahəsinin inkişafından danışmışdır. O bildirmişdir ki, ölkəmizdə sığorta sahəsində istehlakçıların hüquqlarının qorunması istiqamətində bir sıra işlər görülmüşdür. Azərbaycanda bu prosesə 2006-cı ildən başlanmış, sığorta sahəsində yeni qanunvericilik və digər sənədlər qəbul olunmuşdur. Belə ki, 2010-cu ildə “İstehsalatda bədbəxt hadisələr nəticəsində peşə və əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” və “İcbari sığortalar haqqında” qanunlar qəbul edilmişdir. Bundan başqa, əhalinin maarifləndirilməsi sahəsində təbliğat işləri də aparılmışdır.
A.Bayramov növbəti illərdə ölkədə sığorta bazarının inkişafını daha da canlandırmaq üçün Maliyyə Nazirliyi tərəfindən bir neçə istiqamətdə fəaliyyətin həyata keçiriləcəyini demişdir. Məlumat verilmişdir ki, buraya kənd təsərrüfatının sığortası üzrə icbari sığortalar və icbari sığorta növləri üzrə avtomatlaşdırılmış sistemin yaradılması daxildir.
“Kənd təsərrüfatının sığortası növünün təkmilləşdirilməsinə ciddi ehtiyac vardır. Bunu ölkədə həm potensial, həm də prioritet növ kimi qeyd etmək olar. Digər prioritet sahələrdən biri isə icbari avtomobil sığortası növünün avtomatlaşdırılması nəticəsində Azərbaycanın bu sistemə üzv olmasıdır ki, bu istiqamətdə də müəyyən addımlar atılacaqdır. Bu sistemə qoşulmaq üçün ilkin olaraq elektron imzanın tətbiqi və əqdlərin elektron qeydiyyatı tətbiq edilməlidir”, - deyə nazir müavini bildirmişdir.
Qeyd edilmişdir ki, nazirlik tərəfindən tikinti sahəsində də sığorta işinin həyata keçirilməsi gözlənilir.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan sığorta bazarının tarixi və inkişaf səviyyəsindən, indiyədək bu sahədə əldə olunan nailiyyətlərdən danışmışdır. Forumun Azərbaycanda sığorta sahəsinin inkişafına təkan verəcəyini bildirən Z.Səmədzadə beynəlxalq münasibətlərin möhkəmləndirilməsinin və birgə fəaliyyətin əhəmiyyətini qeyd etmişdir.
“Media XpriMM” PR şirkətinin prezidenti Sergi Kostace vurğulamışdır ki, Azərbaycan sığorta bazarının inkişafı regiondakı dövlətlərə nümunə ola bilər. O demişdir: “Sığorta sahəsinin inkişafı Azərbaycanda yüksələn xətlə inkişaf edir və biz bunun gələcəyinə inanırıq”.
Daha sonra “AzRe təkrarasığorta” şirkətinin idarə heyətinin sədri Çingiz Mehdiyev Cənubi Qafqaz regionunda sığorta bazarının vəziyyəti və Azərbaycanda sığortanın inkişaf mərhələləri barədə təqdimatla çıxış etmişdir.
İki gün davam edəcək forumda “Qafqaz regionunun sığorta bazarına ümumi baxış”, “İcbari sığorta növləri və onların bazarın inkişafına təsir gücü”, “Qafqaz ölkələrində və Mərkəzi Asiyada təkrarsığorta üçün perspektivlər”, “İnkişaf edən bazarda həyat sığortası” və “Sığorta bölgüsü” mövzularında müzakirələr aparılacaqdır.