MƏDƏNİYYƏT
Bakıda İnna Kostinanın əsərlərindən ibarət “Gilavar” adlı sərgi açılmışdır
Bakı, 6 aprel (AZƏRTAC). Aprelin 6-da Bakıdakı Kempinski otelinin Vedding Gallery qalereyasında “Gilavar” adlı batik sərgisi açılmışdır. Sərgidə Azərbaycan rəssamı İnna Kostinanın işləri nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, İnna Kostinanın yaradıcılığı istər ölkəmizdə, istərsə də xaricdə təsviri sənət həvəskarlarına yaxşı tanışdır. Onun işləri - rəngkarlıq əsərləri, habelə batik texnikasında yaradılmış pannolar həm Azərbaycanda, həm dünyanın başqa ölkələrindəki muzeylərdə və xüsusi kolleksiyalarda saxlanılır.
Belə ölkələrdən biri də İtaliyadır. Buradakı xüsusi kolleksiyalarda Kostinanın rəngkarlıq əsərləri daha çoxdur. Təqribən on il bundan əvvəl o zaman İtaliyanın Azərbaycandakı səfirliyinin ofisinin məsul direktoru olmuş Nikolo Portaççi rəssamın əsərləri ilə maraqlanmış və ona öz əsərlərini Romada, II Leone Mədəniyyət Mərkəzinin qalereyasında nümayiş etdirməyi təklif etmişdir.
1999-cu ildə Kostinanın əsərlərindən ibarət fərdi sərgi keçirilmişdir. Bir ildən sonra isə onun uzun illər başçılıq etdiyi “Yeddi əlvan kəpənək” studiyasındakı şagirdlərinin sərgisi təşkil olunmuşdur. Hər iki sərgi nəinki bir rəssam və pedaqoq kimi Kostinanın özünün şəxsiyyətinə, həmçinin onun təmsil etdiyi ölkəyə maraq doğurmuşdur.
Aprelin 12-dək davam edəcək indiki ekspozisiyada İ.Kostinanın 18 işi nümayiş etdirilir.
Sərginin açılışı mərasiminin iştirakçılarına rəssamın yaradıcılığı haqqında kitab və kataloq paylanmışdır.