İDMAN
BAKIDA KEÇİRİLƏN GÜLƏŞ ÜZRƏ AVROPA ÇEMPİONATININ BİRİNCİ GÜNÜ BAŞA ÇATMIŞDIR
Bakı, 14 aprel (AZƏRTAC). Aprelin 13-də Bakıda sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı start götürmüşdür.
Çempionatın ilk günü sərbəst güləşçilər 4 çəki dərəcəsində mübarizə aparmışlar.
Yarışda Azərbaycanı Mahmud Məhəmmədov (55 kq), Cəbrayıl Həsənov (66 kq), Şərif Şərifov (84 kq) və Əli İsayev (120 kq) təmsil etmişlər.
Mahmud Məhəmmədov rəqibləri Marsel Evald (Almaniya), Aleksandru Çirtoaka (Moldova), Andrey Dukovu (Rumıniya) məğlub edərək finala vəsiqə qazanmışdır. Finalda Bolqarıstan güləşçisi Radoslav Marinov-Velikovdan üstün olmuş, fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Cəbrayıl Həsənov ardıcıl olaraq rəqibləri Filip Ceymis Roberts (Böyük Britaniya), Vladimir Qotisan (Moldova), Adam Henrik Qobiyerajı (Polşa) yarışdan kənarlaşdırmış, final görüşündə Rusiya güləşçisi Maqomedmurad Haciyevi məğlub edərək qızıl medala sahib olmuşdur.
Dejan Boqdanov (Makedoniya), Səid Əhməd Mahmudoviç İtayev (Fransa), Stefan Georgitanı (Rumıniya) məğlub edən Şərif Şərifov qızıl medal uğrunda görüşdə rusayalı güləşçi Anzor Urişevə uduzaraq çempionatın gümüş medalı ilə kifayətlənmişdir.
120 kq çəki dərəcəsində keçirilən final qarşılaşmasında Bilal Maxov (Rusiya) və Fatih Çakıroğlu (Türkiyə) qarşılaşmışlar. Qızıl medala Rusiya güləşçisi sahib olmuşdur. İlk qarşılaşmada bolqarıstanlı Aleksey Şemarova məğlub olan Əli İsayev Avropa çempionatında iştirakını dayandırmışdır.