MƏDƏNİYYƏT
Bakıda keçirilən V Beynəlxalq Beynəlxalq Mstislav Rostropoviç festivalı çərçivəsində daha bir konsert olmuşdur
Bakı, 6 dekabr (AZƏRTAC). Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən V Beynəlxalq Mstislav Rostropoviç festivalı çərçivəsində dekabrın 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında növbəti konsert olmuşdur.
AZƏRTAC xəbər verir ki, hökumət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələrinin iştirak etdikləri konsertdə İqnat Soljenitsının dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında dünyanın məşhur klassik bəstəkarlarının əsərləri səslənmişdir. Solist Əməkdar Artist Murad Adıgözəlzadə (piano) olmuşdur.
Avery Fişer mükafatının laureatı olan İqnat Soljenitsın Filadelfiya Kamera Orkestrinin fəxri dirijoru, Moskva Simfonik Orkestrinin baş dəvətli dirijoru, Filadelfiya Konservatoriyasının piano sinfi üzrə professorudur.
Dəvətli dirijor kimi Amerika və Rusiyanın məşhur orkestrlərinə rəhbərlik edir. Pianoçu kimi ABŞ, Avropa ölkələrində, Yaponiya və Avstraliyada tanınmış simfonik orkestrlərin müşayiəti və məşhur dirijorların rəhbərliyi ilə solo konsertlər vermişdir.
Kamera musiqisinin mahir ifaçısı olaraq Emerson, Borodin, Brentano simli kvartetləri və pianoçu M.Uçida ilə əməkdaşlıq edir. Zalsburq, Evian, Lüdviqsburq, Malboro, Nijni Novqorod və s. şəhərlərdə keçirilmiş beynəlxalq festivalların, habelə Moskvada “Dekabr axşamları”nın iştirakçısıdır.
Murad Adıgözəlzadə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Almaniyanın Münxen şəhərindəki Ali Musiqi Məktəbində və P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil almışdır.
Pianoçuların respublika müsabiqəsinin ilk laureatı olmuş (1996), “İlin ən yaxşı pianoçusu”, “İlin ən yaxşı musiqiçisi” adlarına layiq görülmüşdür. Tbilisidə pianoçuların II Beynəlxalq müsabiqəsinin qalibi olmuşdur. Bir çox ölkələrdə solo konsert vermiş, dünyanın tanınmış orkestrləri ilə çıxış etmişdir.
Əməkdar Artist Murad Adıgözəlzadə Moskva Dövlət Akademik Filarmoniyasının solisti, Bakı Musiqi Akademiyasının dosenti, Azərbaycan Dövlət Filarmoniyasının direktorudur.
Festivalın bugünkü konsertində C.Verdi, V.Motsart, İ.Stravinski kimi bəstəkarların yaradıcılıq aləminin incəlikləri müvəffəqiyyətlə açıqlanmışdır. Gözəlliyi, sevgini, ümumiyyətlə, hisslər harmoniyasını tərənnüm edən əsərlərin yüksək səviyyədə ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.