MƏDƏNİYYƏT
Bakıda Ümumdünya Teatr Günü qeyd olunmuşdur
Bakı, 6 aprel (AZƏRTAC). Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Ümumdünya Teatr Gününə həsr olunmuş yaradıcılıq gecəsi keçirilmişdir.
Tədbirlə əlaqədar Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyi yanında Uşaq Yaradıcılıq Mərkəzi tərəfindən təqdim edilmiş “Teatr uşaqların gözü ilə” rəsm sərgisi təşkil olunmuşdur.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Rossotrudniçestvo nümayəndəliyinin rəhbəri V.P.Denisov öz çıxışında qeyd etmişdir ki, uşaqların və böyüklərin mənəvi dəyərlərinin formalaşmasında incəsənətin mühüm rolu vardır.
Tədbirdə Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyinin nəzdində fəaliyyət göstərən Teatr studiyası iştirak etmişdir. O, toplaşanlar qarşısında teatr sənəti vərdişlərinin formalaşdırılması üzrə açıq dərs keçirmişdir. Gənc artistlər uşaqlar üçün K.Çukovskinin və Marşakın şeirlərini səhnələşdirmiş, yaşıl tamaşaçılar üçün isə V.Şekspirin “Kral Lir” və A.Çexovun “Qağayı” əsərlərindən səhnələr hazırlamışlar.
Gecəni 134 nömrəli gimnaziyanın şagirdləri “Quşlar haqqında” musiqili-ədəbi tamaşa ilə davam etdirmişlər.
Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri “Rusiya qəhrəmanları həmişə qəlbimizdədirlər” musiqili tamaşa göstərmişlər.
Sevimli cizgi filmlərinin musiqisi ilə müşayiət olunan bu tamaşada uşaqlar sevdikləri nağıl qəhrəmanları rolunda çıxış etmiş və “Buratino” nağılının motivləri əsasında teatr maskaları şousu nümayiş etdirmişlər.
Gecə beynəlxalq müsabiqələrin qalibi, estrada ifaçısı Səid İsmayılzadənin çıxışı ilə başa çatmışdır.