SİYASƏT
Bakıda Yuvenal ədliyyə haqqında “dəyirmi masa” təşkil olunacaqdır
Bakı, 17 noyabr (AZƏRTAC). Noyabrın 20-də Bakıda Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə “Yuvenal ədliyyə haqqında” Qanun layihəsinin müzakirəsinə dair “dəyirmi masa” keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, tədbir 20 noyabr - Ümumdünya Uşaq Hüquqları Günü və BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının qəbul olunmasının ildönümünə həsr olunur.
Azərbaycan Respublikası Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və AHK idarə heyətinin rəhbəri Əli Hüseynlinin sədrlik edəcəyi tədbirdə Milli Məclis sədrinin müavini Bahar Muradova, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsi Mark Herevard, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay çıxış edəcəklər.
“Dəyirmi masa”da Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Yuvenal ədliyyə islahatı və sosial müdafiə sistemi”, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rövşən Rzayev “Yuvenal ədliyyə haqqında” Qanun layihəsinin təqdimatı, BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinin sabiq sədri Yap Doek “Yuvenal ədliyyə islahatının əhəmiyyəti, bu sahədə beynəlxalq təcrübə və mövcud Qanun layihəsi”, Uşaq Hüquqları üzrə QHT Alyansı idarə heyətinin sədri Nazir Quliyev “Azərbaycanda Yuvenal ədliyyə islahatının tətbiqi üzrə təkliflər” mövzularında çıxış edəcəklər.
Ədliyyə Nazirliyinin nümayəndəsinin də iştirak edəcəyi “dəyirmi masa” müzakirələrlə yekunlaşacaqdır.