REGİONLAR
Prezidentin Sərəncamı Naxçıvanda bir nəfərə şamil olunub
![](/files/galleryphoto/2024/2/1200x630/17167185115534641671_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17167185116251622683_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17167185111250012529_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17167185114964057131_1200x630.jpeg)
Naxçıvan, 26 may, Nail Əsgərov, AZƏRTAC
Prezident İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvanda da müvafiq işlər həyata keçirilir. Bu gün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı məntəqə tipli cəzaçəkmə müsəssisəsində cəza çəkən bir nəfər azadlığa buraxılıb.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna açıqlamasında Penitensiar Xidmətin Qeydiyyat bölməsinin rəisi, ədliyyə mayoru Musa Hüseynov söyləyib.
O bildirib ki, cəzaçəkmə müəssisələrində məhbusların cəmiyyətə adabtasiyası, gələcək azadlıq həyatlarını islaholunmuş şəkildə, düzgün qurmaları üçün də mütəmadi tədbirlər həyata keçirilir. Bu gün azadlığa çıxan Ümid Bağırov da bu baxımdan yaradılan şəraitdən yararlanıb, cəza müddətində müvafiq kurslara cəlb olunaraq sertifikatla təmin edilib. Bu da vətəndaşın azad həyata tez zamanda uyğunlaşmasına və məşğulluğunun təminatına imkan verəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 25-də imzaladığı əfv Sərəncamı bu gün Naxçıvanda icra olunub. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində tədbir keçirilib. Tədbirdə xidmətin rəis müavini, ədliyyə kapitanı Eltural Vəzirov Sərəncamın əhəmiyyətinə toxunub, azadlığa çıxan vətəndaşa buraxılış vərəqəsini təqdim edərək ona gələcək həyatında uğurlar arzulayıb. Azad olunan Ümid Bağırov və atası Allahverdi Bağırov, ailə üzvləri əfvi dövlətin vətəndaşına göstərdiyi qayğının təzahürü, insan hüquq və azadlıqlarının təmini istiqamətində atılan növbəti humanist addım kimi dəyərləndirib, dövlət başçısına minnətdarlıqlarını bildiriblər.