Bakının altı rayon üzrə “açıq dərs”lər yekunlaşıb
Bakı, 13 mart, AZƏRTAC
Paytaxtın altı rayonu üzrə məktəblərdə keçirilən “açıq dərs”lər başa çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, Səbail, Yasamal, Nizami, Nəsimi, Xətai və Xəzər rayonları üzrə ümumtəhsil müəssisələrində təşkil olunan “açıq dərs”lərdə Təlimə Dəstək Mərkəzinin əməkdaşları, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.
“Açıq dərs”lər V-XI siniflərdə humanitar, texniki, təbiət və əlavə fənn blokları üzrə təşkil olunub.
Dərslərdə müəllimin müxtəlif innovativ üsul və vasitələrdən çevik, məqsədyönlü istifadəsi və şagirdlərin dərsin bütün mərhələlərində fəal iştirakı təmin edilib. Məktəblilər maraqlı təqdimatlarla çıxış edərək bilik və bacarıqlarını nümayiş etdiriblər. Müəllimlər motivasiya və tədris materiallarını şagirdlərin hazırlıq səviyyəsinə uyğunlaşdırıblar.
Dərslərin dinlənilməsi başa çatdıqdan sonra təhlil və müzakirələr aparılıb.
Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil edilən “açıq dərs”lərin əsas məqsədi tədris prosesində öyrətmə və öyrənmə mühitinin səmərəli təşkili yolları, təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl, yüksək nailiyyətlər qazanmış müəllimlərin təcrübəsini digər həmkarları ilə bölüşmələri, şagirdlərin tədqiqatçılıq bacarığının üzə çıxarılması və müasir təlim texnologiyalarının tətbiqi istiqamətində ənənənin formalaşdırılmasıdır. Təcrübə mübadiləsi, fənlərin tədris səviyyəsinin nümayiş etdirilməsi, dərsin planlaşdırılması, qiymətləndirilməsi və bu istiqamətdə müzakirələrin aparılması da əsas komponentlərdəndir.
Növbəti rayonlar üzrə “açıq dərs”lərin keçirilməsi aprelədək davam edəcək.