İDMAN
BAKININ İDMAN-KONSERT KOMPLEKSİNƏ TOPLAŞAN AZARKEŞLƏR QARDAŞ TÜRKİYƏ VOLEYBOLÇULARININ QƏLƏBƏSİNİ HƏRARƏTLƏ QARŞILADILAR
OLİMPİYA LİSENZİYA TURNİRİNİN FİNALINDA ALMANİYA VƏ TÜRKİYƏ KOMANDALARI GÖRÜŞƏCƏKLƏR
Meydançaya əvvəlcə Almaniya və İtaliya yığmaları çıxdılar. İtalyanlar elə ilk dəqiqələrdə inamlı oyun nümayiş etdirdilər. Birinci və ikinci hissələr 25:15 və 25:19 hesabı ilə onların xeyrinə qurtardı. Lakin sonra oyunda vəziyyət kəskin surətdə dəyişdi və təşəbbüsə yiyələnən almanlar dalbadal iki hissədə müvafiq surətdə 25:21 və 25:23 hesabı ilə qalib gəldilər. Həlledici beşinci hissədə əvvəlcə italyanlar beş top fərqi ilə irəli çıxdılar. Elə görünürdü ki, finalda yeganə lisenziya uğrunda məhz onlar mübarizə aparacaqlar. Amma daha təmkinli Almaniya voleybolçuları oyunun gedişində dönüş yaratdılar və 17:15 hesabı ilə qalib gələrək finala çıxdılar.
Sonrakı görüş Türkiyə və Polşa kollektivləri arasında oldu. Xatırladaq ki, ötən ilin axırlarında onlar İstanbulda Avorpa çempionatının finalında qarşılaşmışdılar. Onda polşalılar inamlı qələbə qazandılar. Ona görə də indi türklərə həmin məğlubiyyətin əvəzini çıxmaq üçün yaxşı fürsət düşmüşdü.
Bu görüşün gedişini Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri, Baş nazirin müavini Abdullah Gül və Azərbaycan XİN-in başçısı Vilayət Quliyev də izləyirdilər.
Elə birinci hissədən mübarizə kəskin xarakter aldı. Təşəbbüs gah bu, gah da digər tərəfdə olurdu. Lakin hissənin sonuna yaxın polşalıların əsəbləri daha möhkəm oldu və onlar iki top fərqi ilə qələbə qazandılar – 25:23.
Lakin bu, türkləri ruhdan salmadı. Meydançaya ancaq qələbə əzmi ilə çıxan Türkiyə voleybolçuları ikinci hissəni sanki bir nəfəsə keçirdilər - 25:16. Oyunun sürəti üçüncü hissədə də azalmadı, təşəbbüsü əldə saxlayan Türkiyə yığması üstünlüyü məntiqi sonluğa çatdırdı – 25:19. Dördüncü hissədə türklər rəqiblərə mübarizənin gedişində dönüş yaratmaq üçün heç bir ümid yeri qoymadı və 25:18 hesabı ilə qalib gəldilər. Beləliklə, Türkiyə komandası 3:1 hesabı ilə qələbə qazanaraq finala çıxdı.
Bakının İdman-Konsert Kompleksinə toplaşan minlərlə azarkeş Türkiyə voleybolçularını alqışlarla qələbəyə ruhlandırırdılar. Voleybolçular isə, öz növbəsində, azarkeşləri gözəl oyunları ilə sevindirdilər. Tamaşaçılar Türkiyə idmançılarını hərarətli alqışlarla mükafatlandırdılar.
Türkiyənin və Azərbaycanın xarici işlər nazirləri də Türkiyə idmançılarını qələbə münasibətilə təbrik etdilər.
Yanvarın 10-da yeganə lisenziya uğrunda həlledici görüşdə Türkiyə və Almaniya voleybolçuları qarşılaşacaqlar.