BAKININ VƏ LOS-ANCELESİN MƏKTƏBLİLƏRİ VİDEOKONFRANS KEÇİRMİŞLƏR
AZƏRTAC xəbər verir ki, aprelin 24-də Bakı məktəblərinin 40 yuxarı sinif şagirdi və onların Los-Ancelesin Birmingem və Karson şəhərlərindən olan 35-ə yaxın yaşıdı “Cəmiyyətdə sülhün və tolerantlığın bərpa edilməsi” mövzusunda videokonfransda iştirak etmişlər.
Videokonfrans zamanı şagirdlər ölkələrimizin mədəniyyəti, tolerantlığı, musiqisi və digər mövzularda müzakirələr və fikir mübadiləsi aparmışlar.
Azərbaycanda hansı Qərb müğənnilərinin, bəstəkarlarının və musiqi qruplarının sevilməsi ilə bağlı ABŞ şagirdlərinin sualları bakılı şagirdlər tərəfindən həvəslə cavablandırılmışdır. Azərbaycan məktəblilərini amerikalı həmyaşıdlarının gündəlik həyat tərzi də çox maraqlandırmışdır. Şagirdlərin gündəlik məktəb həyatları, dostları, ailə üzvləri ilə münasibətləri və stilləri hər iki tərəf üçün hədsiz maraq doğurmuşdur. Məlumat mübadiləsi şagirdlərin qarşılıqlı surətdə ətraflı bilgilər əldə etmələrinə imkan vermişdir.
Los-Ancelesdə videokonfransa qatılan Tolerantlıq Muzeyinin direktoru xanım Liebe Geft tolerantlığın millətləri birləşdirən amil olduğunu və Azərbaycanda digər ölkələrə nümunə olan tolerantlığın mövcudluğunu xüsusi vurğulamışdır.
Sonda məktəblilər konfransın yekunları əsasında hazırlanmış sülh bəyannaməsinin mətnini müzakirə etmişlər.
Təqribən 2 saata yaxın davam edən videokonfrans Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, ölkəmizin Los-Ancelesdəki baş konsulluğu və ABŞ Tolerantlıq Muzeyi tərəfindən təşkil olunmuşdur.