İDMAN
“Baku Fires” boks komandası Əlcəzairin “Desert Hawks” kollektivinin qonağı olacaqdır
Bakı, 26 noyabr (AZƏRTAC). Noyabrın 30-da “Baku Fires” klubu Ümumdünya Boks Seriyası (WSB) Liqası yarışlarında növbəti oyununa çıxacaqdır.
AZƏRTAC xəbər verir ki, turnirin ikinci turu çərçivəsində komandamız səfərdə liqanın debütantı Əlcəzairin “Desert Hawks” kollektivi ilə qarşılaşacaqdır.
Artıq komandaların heyəti müəyyənləşmişdir. Yarışda Samir Brahimi (54 kq, “Desert Hawks”) Orzubek Şaimov ilə (“Baku Fires”), Abdelkader Çhadi (61 kq) İsa İsayev ilə, Abdelmalek Rahou (73 kq) Jaba Xositaşvili ilə, Nabil Kassel (85 kq) Vladimir Çeles ilə, Çouaib Bouloudinats (91 kq-dan yuxarı) isə Əshab Abdulxaliqov ilə üz-üzə gələcəklər.
Bu turda komandamızın heyətində 4 boksçu debüt edəcəkdir. Yarışda 54 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Orzubek Şaimov Bakıda keçirilən dünya çempionatının (2011-ci il) ¼ finalçısıdır. 2011-ci ilin Avropa çempionatının bürünc mükafatçısı J.Xositaşvili ötən mövsüm “İstanbul Bosphorus” klubunun heyətində 5 görüşün 4-də qələbə qazanmışdı. V.Çeles ötən çempionatda Moskva “Dinamo”sunun heyətində çıxış etmişdi.
A qrupunda 2-ci turun digər iki görüşü artıq keçirilmişdir. “Mexico Guerreros” səfərdə “Argentina Condors”u 4:1 hesabı ilə məğlub etmişdir. “Poland Hussars” isə gözlənilmədən “Dinamo”dan (Rusiya) üstün olmuşdur - 3:2.