BALAKƏNDƏ CARİ İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARI GENİŞ MÜZAKİRƏ OLUNMUŞDUR
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qarşıya qoyulan vəzifələr Balakən Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə geniş müzakirə edilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müşavirədə rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov Nazirlər Kabinetinin iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələr və 2008-ci ilin birinci rübündə rayonda görülmüş işlər barədə geniş məruzə etmişdir.
Məruzədə qeyd olunmuşdur ki, cari ilin ilk rübü Azərbaycan üçün çox uğurlu keçmiş, 3 ayda ümumi daxili məhsul istehsalı 14 faiz, sənaye məhsulu istehsalı isə 12,9 faiz artmış, qeyri-neft sektorunda bu artım 11,3 faiz səviyyəsində olmuş, ölkənin valyuta ehtiyatları 9 milyard dollara çatmışdır. Məruzəçi bildirmişdir ki, Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev sosial-iqtisadi uğurlardan danışarkən mövcud problemlərə də toxunmuş, problemlərin həlli ilə bağlı fikirlərini bildirmişdir. A.Məmmədov Prezidentin iclasda dediyi aşağıdakı sözləri bir daha xatırlatmışdır: “... Bütün dünyada çox sürətlə bahalaşma gedir… Bunun müxtəlif obyektiv səbəbləri var və əlbəttə, bu bahalaşma meyilləri Azərbaycandan da yan keçməmişdir. Biz çalışmalıyıq ki, həm iqtisadi, həm də inzibati tədbirlər nəticəsində bahalaşmanın qarşısını maksimum dərəcədə alaq”.
Birinci rübdə rayonda aparılan tikinti-quruculuq işləri barədə məlumat verən icra hakimiyyətinin başçısı bildirmişdir ki, təməli Prezident İlham Əliyev tərəfindən qoyulan 235 çarpayılıq xəstəxana kompleksinin inşası iş cədvəlinə uyğun davam etdirilmiş, rüb ərzində burada 1 milyon 161 min manatlıq tikinti işləri həyata keçirilmişdir. Xəstəxana binasının 2009-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur.
İlin birinci rübündə ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ərazinin abadlaşdırılması, yaşıllıqların salınması, işıqlandırma sisteminin quraşdırılması, kommunikasiya qurğularının tikintisi davam etdirilmiş, parkda 520 ədəd iri, 2500 ədəd kiçik ölçülü həmişəyaşıl ağac, habelə 2000 ədəd bəzək kolu əkilmişdir. Parkın ərazisində xaricdən gətirilmiş yelləncəklər quraşdırılmışdır. Parkda inşa edilən Heydər Əliyev muzeyinin tikintisi də artıq başa çatmaq üzrədir.
Birinci rübdə Qaysa və Gülüzanbinə kəndlərində yeni məktəb binalarının, Balakən şəhərində “Gənclər evi”nin, habelə əlil və şəhid ailələri üçün 36 mənzilli yeni binanın inşasına başlanılmış, Ərazi Vergilər İdarəsinin xidmət terminalı tikilib istifadəyə verilmişdir.
Daha sonra icra hakimiyyətinin başçısı rayonun təbii qaz, elektrik enerjisi və su təchizatı sahəsində görülən işlərdən danışmış, qarşıda duran vəzifələrə toxunmuşdur. Məruzəçi bildirmişdir ki, Nazirlər Kabinetinin iclasında dövlət başçısı inflyasiyanı doğuran səbəblərdən biri kimi son dövrlərdə bütün dünyada başlamış ərzaq qıtlığını, xüsusilə taxıl məhsullarının bahalaşmasını xüsusi qeyd etmişdir. Natiq bildirmişdir ki, bahalaşmanın təsirini azaltmaq üçün kənd təsərrüfatı rayonu olan Balakəndə də torpaqlardan maksimum dərəcədə səmərəli istifadə edilməli, taxılçılığın, xüsusilə də rayon üçün ənənəvi sahə sayılan qarğıdalıçılığın inkişafı təmin olunmalıdır.
Məruzə ətrafında çıxışlardan sonra dövlət başçısının nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etmək üçün əlaqədar müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.