REGİONLAR
Balakəndə dən qarğıdalı istehsalı 4 min tondan çox artıb
Balakən, 11 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə Balakən rayonunun torpaq mülkiyyətçiləri dən üçün qarğıdalı əkilmiş sahələrdən rekord miqdarda – 50 min 317 ton məhsul əldə ediblər. Dən qarğıdalı istehsalı ötən illə müqayisədə 4 min 29 ton artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada yenə də birincilər sırasındadır. Cari ildə rayonda dən üçün qarğıdalının əkin sahəsi ötən illə müqayisədə 62 hektar artırılaraq 7 min 577 hektara çatdırılıb. Builki mövsümdə qarğıdalı sahələrində hər hektardan orta məhsuldarlıq 66,4 sentner təşkil edib. Bu, ötən ildəkindən 4,8 sentner çoxdur.
Xatırladaq ki, keçən il balakənli fermerlər 7 min 515 hektar sahədən 46 min 288 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan orta hesabla 61,6 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 1200 tonadək artıb.