DÜNYA
Barak Obama iki həftəlik məzuniyyətini başa vuraraq Vaşinqtona qayıdıb
![Barak Obama iki həftəlik məzuniyyətini başa vuraraq Vaşinqtona qayıdıb](/files/2014/2/1200x630/1408951980993715153_1200x630.jpg)
Bakı, 25 avqust (AZƏRTAC). ABŞ prezidenti Barak Obama iki həftə sürən məzuniyyətdən sonra ötən bazar günü Vaşinqtona qayıdıb.
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, dövlət başçısı məzuniyyətini Massaçusets ştatının Atlantik okeanı sahillərinin yaxınlığında yerləşən Martas-Vinyard adasında ailəsi ilə birgə keçirib.
Prezidentin məzuniyyəti heç də sakit keçməyib. Avqustun 18-də Obama “işgüzar görüşlər” keçirmək üçün Vaşinqtona qayıdıb. Həmin gün o, İraqdakı vəziyyətə dair rəsmi bəyanatla çıxış edib. Ağ Evin başçısı bildirib ki, Mosul bəndinə nəzarətin bərpa olunmasında İraq qüvvələrinə yardım göstərilməsi üçün məqsədli bombardmanlar haqqında sərəncam verib. Prezident qeyd edib ki, bu fəaliyyət ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətdəki maraqlarına uyğun olaraq həyata keçirilir.
Bundan əlavə, məzuniyyət günlərinin birində Obama “İslam dövləti” yaraqlıları tərəfindən amerikalı jurnalist Ceyms Foulinin amansızcasına edam olunması ilə əlaqədar bəyanatla çıxış edib. Həmçinin Ferqyusonda baş qaldıran etiraz dalğası ilə bağlı da xüsusi bəyanat verib.
ABŞ prezidentinin məzuniyyətdən sonrakı ilk həftəsinə dair bütün planlar məlum deyil. Ağ Evin mətbuat xidmətinin məlumatına görə, bazar ertəsi prezidentin yanında işgüzar görüşlər keçiriləcək, çərşənbə axşamı isə Şimali Karolinaya səfər planlaşdırılır.