ELM VƏ TƏHSİL
BDU: İbtidai sinif dərsliklərində dil və üslub problemləri təhlil olunub
![](/files/galleryphoto/2022/2/1200x630/16517646922906433930_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16517646923377436426_1200x630.jpg)
Bakı, 5 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan dilinin tətbiqi məsələləri elmi-tədqiqat laboratoriyasının (ETL) təşəbbüsü ilə “Ümumtəhsil məktəblərinin ibtidai siniflərinin dərsliklərində və dərs vəsaitlərində Azərbaycan dili problemləri” mövzusunda elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə laboratoriyanın böyük elmi işçisi Xatirə Vəliyeva orta məktəb dərsliklərində müşahidə olunan ədəbi dil normalarının pozulması hallarından danışıb. O, xüsusilə orta məktəblərin ibtidai sinif dərslikləri və dərs vəsaitlərindəki Azərbaycan dili ilə bağlı problemlər haqqında məlumat verib. Qeyd olunub ki, dərsliklər tərtib olunan zaman ədəbi dil normalarına diqqət yetirmək ən vacib məsələlərdən biridir.
ETL-in kiçik elmi işçisi İlhamə Hacıyeva orta məktəblərin ibtidai sinif dərslikləri və dərs vəsaitlərindəki problemli məqamları nümunələr əsasında təhlil edib, aşkar etdiyi faktlar əsasında dərsliklərdəki dil və üslub qüsurlarına aydınlıq gətirib. Bildirilib ki, dərsliklər tərtib olunan zaman ədəbi dilin normalarından əlavə, dilə estetik baxımdan da diqqətlə yanaşılmalı, termin seçiminə fikir verilməli, test tapşırıqlarında suallarının qoyuluşu zamanı 2021-ci ilin Azərbaycan dilinin orfoqrafiya və orfoepiya lüğəti əsas götürülməlidir.
Sonra müzakirələr aparılıb.