SİYASƏT
Belarus səfiri: Azərbaycan ilə Belarus arasında əlaqələr xeyli fəallaşmışdır
Bakı, 20 dekabr (AZƏRTAC). Ölkələrimiz arasında əlaqələrin inkişafı xeyli fəallaşmış, yüksək səviyyəli dialoq etimada söykənən intensiv xarakter almışdır. AZƏRTAC xəbər verir ki, bu barədə Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviç cari ildə ölkələrimiz arasında əməkdaşlığın yekunlarına dair mətbuat konfransında məlumat vermişdir.
N.Patskeviç demişdir ki, gələn ilin birinci rübündə ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası gözlənilir. Neft-kimya sahəsində əməkdaşlıq yaradılması istiqamətində iş gedir. Bu məqsədlə 2012-ci ilin əvvəlində “Azərkimya” İstehsalat Birliyinin nümayəndə heyətinin Belarusa səfəri planlaşdırılır.
Səfir Azərbaycandan Belarusa neft ixracının başlanmasını, habelə maşınqayırma sahəsində birgə layihələri 2011-ci ildə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin əhəmiyyətli hadisələri adlandırmışdır. N.Patskeviç Gəncə avtomobil zavodunda Belarusun MTZ traktorlarının, MAZ avtomobillərinin, kommunal texnikanın, avtokranların yığılmasının təşkilini nümunə gətirmişdir.
Təhsil sahəsində də əməkdaşlıq genişlənir, təhsil haqqında sənədlərin qarşılıqlı tanınması haqqında hökumətlərarası saziş qüvvəyə minmişdir. N.Patskeviç bildirmişdir ki, Azərbaycanda qaynaqçılar, xarratlar, dülgərlər, parket ustaları və çilingərlər hazırlayacaq ibtidai peşə təhsili müəssisəsinin yaradılması istiqamətində birgə iş aparılır.
Diplomat bildirmişdir ki, Belarus şirkətləri Azərbaycanda yaşayış qəsəbələrinin layihələndirilməsi və tikintisi ilə məşğuldurlar. Məsələn, İsmayıllı rayonunda məcburi köçkünlər üçün sosial infrastruktur obyektlərinə malik 45 evdən ibarət qəsəbə salınması istiqamətində iş aparılır.