REGİONLAR
Bərdədə “Əziz Şuşa, sən azadsan” adlı ədəbi-bədii gecə keçirilib
Bərdə, 2 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə Rayon Mədəniyyət Mərkəzində 2022-ci ilin “Şuşa İli” elan olunması münasibətilə “Əziz Şuşa, sən azadsan” adlı ədəbi-bədii gecə təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatova Şuşa şəhərinin tarixi, Azərbaycanın mədəni və ictimai-siyasi həyatındakı yeri və rolu barədə ətraflı söz açıb. Bildirib ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb.
Diqqətə çatdırılıb ki, Ermənistanın işğalı dövründə Şuşa şəhərində yüzlərlə tarix və mədəniyyət abidəsi erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra infrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb, mədəni-kütləvi tədbirlərin keçirilməsi bərpa edilib. Qısa müddətdə Şuşa şəhərinin baş planının hazırlanması, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin bərpası, Üzeyir Hacıbəylinin heykəlinin qoyulması, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Molla Pənah Vaqifin məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaqdadır.
Bərdə Rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədova çıxışında bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi şəhərin inkişafına böyük təkan verəcək. 2022-ci il Şuşanın həyatında ən yaddaqalan il olacaq. Bu il parlaq və təntənəli tədbirlərlə - festivallar, konsertlər, müsabiqələr, sərgilər, yaradıcılıq layihələri, poeziya gecələri, yubileylərlə yadda qalacaq, qədim mədəniyyətimizin və incəsənətimizin bütün palitrası təqdim olunacaq. Hər bir azərbaycanlı üçün müqəddəs olan bu şəhərə tez-tez səfərlər təşkil olunacaq. Şuşa öz əzəmətini qaytaracaq və bütün dünya bu şəhərdə baş verən möhtəşəm hadisələri izləyəcək. Bərpa işlərindən sonra təbiəti və memarlığı ilə gözoxşayan şəhər həm də turizm mərkəzinə çevriləcək. Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidlərinin minarələrindən səslənən azan səsi Şuşanı azadlığına qovuşduran şəhidlərimizin ölməz ruhunu şad edəcək.
Tədbirdə, həmçinin Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbinin rəsm sinfi tərəfindən “Şuşa İli”nə həsr olunmuş rəsmlər nümayiş olunub, ədəb-bədii kompozisiya təqdim edilib. Tədbir konsert proqramı ilə yekunlaşıb.