CƏMİYYƏT
Beynəlxalq skaut düşərgəsinin iştirakçıları Şəkidən xoş təəssüratlarla ayrılmışlar
Şəki, 23 avqust (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı ilə Şəkidə təşkil olunan “Wonderland-2013” gənclərin Beynəlxalq skaut düşərgəsi uğurla başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, Şəkinin Kiş kəndi ərazisindəki “Şam bağı”nda, təbiətin qoynunda salınan düşərgədə Azərbaycanın müxtəlif bölgələrindən, həmçinin Gürcüstan, Moldova, Polşa, Macarıstan, İngiltərə, Ukrayna, Belarus və Qazaxıstandan gəlmiş 130 nəfərə yaxın gənc iştirak etmişdir.
Beş gün davam edən düşərgədə gənclərin intellektual səviyyələrinin artırılması üçün müxtəlif oyunlar təşkil edilmiş, skaut düşərgələrinin salınması, yaralılara ilkin tibbi yardım, dağa dırmanma, qeyri-adi vəziyyətdən çıxış üsulları və fiziki hazırlıqla bağlı təlimlər keçirilmişdir. Düşərgə iştirakçıları ətraf mühitin qorunması məqsədi ilə ərazidə, dağ yamaclarında, meşələrdə təmizlik işləri aparmış, yaşıllıqları məişət tullantılarından təmizləmişlər. Onlar rayonun tarixi yerlərinə də səyahət etmiş, görməli yerlərlə tanış olmuşlar.
Beynəlxalq skaut düşərgəsinin iştirakçıları Şəkidən xoş təəssüratlarla ayrılmışlar.