İQTİSADİYYAT
BEYNƏLXALQ VALYUTA FONDU AZƏRBAYCANA 10 MİLYON ABŞ DOLLARI MƏBLƏĞİNDƏ KREDİT AYIRMIŞDIR
AZƏRBAYCANDA APARILAN İQTİSADİ İSLAHATLAR BEYNƏLXALQ MALİYYƏ TƏŞKİLATLARI TƏRƏFİNDƏN YÜKSƏK QİYMƏTLƏNDİRİLİR
Azərbaycanda son illər uğurla aparılan islahatlar ölkədə bazar iqtisadiyyatı prinsiplərinə cavab verən iqtisadi sistemin formalaşmasında mühüm rol oynayır. Ardıcıl həyata keçirilən düzgün iqtisadi siyasət demək olar ki, bütün sahələrin inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında ciddi dönüş yaratmağa imkan vermişdir. Təkcə 2001-ci ildə ölkənin ümumi iqtisadi inkişaf səviyyəsinin əsas göstəricisi olan Ümumi Daxili Məhsul 9,9 faiz, sənaye məhsulunun həcmi 5,1 faiz, kənd təsərrüfatının ümumi məhsulu 11,1 faiz, əsas kapitala yönəldilən investisiyaların həcmi 17,1 faiz, nəqliyyatda yük dövriyyəsi 23 faiz, rabitə xidmətlərinin həcmi 13,8 faiz, xarici ticarət dövriyyəsi 28,4 faiz, o cümlədən ixrac - 32,6 faiz artmışdır. Əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində görülən tədbirlər nəticəsində onların nominal pul gəlirləri 10,4 faiz, orta aylıq əmək haqqı 26,7 faiz artmış, istehlak qiymətləri indeksinin \inflyasiyanın\ səviyyəsi cəmi 1,5 faiz olmuşdur.
Azərbaycan Respublikasının 1995-ci ildən başlayaraq iqtisadi sahədə uğurları onun beynəlxalq maliyyə qurumları ilə, ilk növbədə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə səmərəli əməkdaşlığı nəticəsində qazanılmışdır.
Ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində son dövrdə əldə etdiyi nəticələr Beynəlxalq Valyuta Fondunun Direktorlar Şurasının 2002-ci il fevralın 20-də keçirilən iclasında müzakirə olunaraq yüksək qiymət almış və üç illik proqram çərcivəsində əməkdaşlığın daha da genişləndirilməsi qərara alınmışdır. Bu məsələ ilə bağlı Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun müavini, Direktorlar Şurası sədrinin vəzifəsini icra edən cənab Eduardo Aninat bəyanat vermişdir. Onun sözlərinə görə son illər Azərbaycanda müşahidə olunan yüksək iqtisadi artım, makroiqtisadi yüksəliş və inflyasiyanın aşağı həddə olması müsbət qiymətə layiqdir. Ölkədə əvvəlki illərdə olduğu kimi, düşünülmüş pul-kredit, büdcə, vergi və valyuta siyasəti həyata keçirilir. İqtisadiyyatın enerji sektorunda maliyyə intizamının gücləndirilməsi istiqamətində son vaxtlar görülən işlər bu sahədə digər islahatların daha inamla aparılmasına şərait yaradır.
Bəyanatda Azərbaycanın idarəetmə sisteminin təkmilləşdirilməsi sahəsində vacib addımların atıldığı qeyd olunur. Onların içərisində Hesablama Palatasının formalaşması, onun fəaliyyətinin gücləndirilməsi və səlahiyyətinin genişləndirilməsi barədə müvafiq qanun qəbul edilməsi, Dövlət Gömrük Komitəsinin işinin təkmilləşdirilməsinə yönəldilmiş islahatlar proqramının hazırlanması, dövlət satınalmaları barədə mükəmməl qanunun qəbul edilməsi, Dövlət Neft Fondu vəsaitlərinin yığılmasının və istifadəsinin tam aşkarlıq şəraitində həyata keçirilməsi və sairə tədbirlər bu cür addımlardan sayılır.
Bəyanatda göstərilir ki, Azərbaycanda bank sisteminin islahatı sahəsində də uğurlar müşahidə olunur. Beynəlxalq Universal Səhmdar Bankın fəaliyyətinin bərpası ilə bağlı son vaxtlar əldə olunan irəliləyiş yaxın gələcəkdə onun müasir tipli kredit təşkilatı kimi fəaliyyət göstərəcəyinə ümid verir.
“Yoxsulluğun azaldılması strategiyası” sənədinin hazırlanması prosesində əldə olunan irəliləyiş qənaətbəxş hesab edilir. Hazırda bu mühüm sənədin əsas strateji istiqamətlərinin hazırlanmasında və qəbul edilməsində başlıca vəzifə bu prosesdə dövlətin və cəmiyyətin geniş iştirakını təmin etməkdir.
Bütün bunlarla yanaşı, cənab Eduardo Aninat Azərbaycanda iqtisadi islahatların davam etdirilməsi, özəlləşdirmənin sürətləndirilməsi, dövlət maliyyə vəsaitinin istifadəsində şəffaflığın artırılması, idarəetmə sisteminin təkmilləşdirilməsi sahəsində bir sıra tövsiyələrini bildirmişdir.
Görülən işlərin nəticəsi olaraq Beynəlxalq Valyuta Fondunun Direktorlar Şurası Azərbaycana 10 milyon ABŞ dolları məbləğində növbəti kreditin verilməsi barədə qərar qəbul etmişdir. Bu vəsait ölkədə yoxsulluğun azaldılması və iqtisadi artımın stimullaşdırılması üçün istifadə olunacaqdır.
Bütövlükdə üçillik proqram çərçivəsində Beynəlxalq Valyuta Fondu tərəfindən Azərbaycana 100 milyon ABŞ dolları məbləğində güzəştli kredit ayrılması nəzərdə tutulur.