İQTİSADİYYAT
“BİMS-2014”də ziyarətçilər “Suzuki Auto”, “Suzuki Moto” və “Volvo” modellərinin ən son modelləri ilə tanış ola biləcəklər
Bakı, 21 aprel (AZƏRTAC). “Aztol Motors” şirkəti VIII Bakı Beynəlxalq motor şousunun (“BİMS-2014”) debütantıdır. “BİMS-2014”də iştirakımızın məqsədi son istehlakçını təmsil etdiyimiz brendlərin avto və mototexnikasının geniş model sırası ilə tanış etməkdir.
Bu sözləri “Aztol Motors” şirkətinin marketinq üzrə direktoru Səbuhi Novruzov AZƏRTAC-a müsahibəsində demişdir. Bildirmişdir ki, ekspozisiyada şirkətimiz “Suzuki Auto”, “Suzuki Moto” və “Volvo” bölmələri üzrə iştirak edəcəkdir. “Aztol Motors” stendinin ziyarətçilərini bir sıra yeniliklər də gözləyir. Sərgidə “Suzuki Swift” markalı avtomobil, tüninq olunmuş “Suzuki Jimny” yolsuzluq avtomobili, sedan tipli “Suzuki Kizashi” və nəhayət, yeni nəsil “Suzuki SX4 S” krosoveri nümayiş etdiriləcəkdir.
Həmçinin şirkətin “Suzuki Moto” bölümündə “Suzuki” markalı motosikletlərin 6 modeli nümayiş olunacaqdır. Bu baxımdan, “Suzuki Hayabusa” markalı motosiklet xüsusilə diqqətəlayiqdir. Bu model maksimal 303-312 kilometr/saat sürəti ilə haqlı olaraq ən sürətli motosiklet seriyasına daxildir. Eyni zamanda, qonaqlara yeni dizaynda kruizer tipli “Suzuki Intruder” motosikletlərini təqdim edəcəyik. Nəhayət, kamuflyaj rənglərin məhdud seriyası ilə buraxılan “Suzuki ATV” skuterləri bu brendin həvəskarlarını sevindirəcəkdir.
S.Novruzov ziyarətçiləri İsveçin “Volvo” konserni tərəfindən hazırlanmış çoxsaylı sürprizlərin də gözlədiyini deyərək bildirmişdir ki, yeniliklər arasında yüksək dinamikalı mühərriki olan dəbdəbəli “S80” sedanı, lüks kateqoriyalı yığcam “XC60” krosoveri və komforta qiymət verən insanlar üçün lüks kateqoriyalı “Volvo S40” avtomobilini qeyd etmək istərdim. Bu istehsalçının avtomobilləri təhlükəsizlik, komfort və ən son texnoloji təchizatla yanaşı, həm də ekoloji təmizliyi ilə seçilir.