MƏDƏNİYYƏT
Bir ağacın pöhrələri
Bakı, 4 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyində Soltan və İsmayıl Hacıbəyovlara həsr edilən silsilə tədbirlər sırasından növbəti xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Əməkdar İncəsənət Xadimi, professor Ülviyyə Hacıbəyova ata, oğul - Soltan Hacıbəyovun 95 və İsmayıl Hacıbəyovun 65 illik yubileylərinin qeyd olunduğunu bildirib, onların həyat və yaradıcılığından söhbət açıb.
O, Soltan Hacıbəyovun “Karvan” simfonik əsərini bütün Şərqin incisi adlandırıb. İsmayıl Hacıbəyovun “Füruzə” operasını Azərbaycan musiqisinin uğuru kimi qiymətləndirib.
Natiq onları bir ağacın pöhrələri, dahi bəstəkar Üzeyir Hacıbəyli nəsil-şəcərəsinin davamçıları və çox istedadlı musiqi xadimləri kimi səciyyələndirib.
Əməkdar İncəsənət Xadimi, professor, musiqişünas Zümrüd Dadaşzadə bu müqəddəs ailənin daha bir nümayəndəsi - Soltan Hacıbəyovun qardaşı aktyor Osman Hacıbəyovun da bu il 90 yaşının tamam olduğunu xatırladıb, onun fəaliyyətindən danışıb.
Natiq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) müqtədir aktyorlarından olan Osman Hacıbəyovun yaradıcılığını, Azərbaycan teatr tarixindəki rolunu, ADGTT-də yaratdığı obrazların müxtəlifliyini, sənətkarlıq xüsusiyyətlərini yüksək qiymətləndirərək, onun epizodik rollarının da yaddaşlardan silinmədiyini söyləyib.