SİYASƏT
BİR SIRA RAYONLARDA BAŞ VERMİŞ TƏBİİ FƏLAKƏTLƏ BAĞLI AZƏRBAYCAN MİLLİ QHT FORUMUNUN FÖVQƏLADƏ TOPLANTISI KEÇİRİLMİŞDİR
Bakı, 11 may (AZƏRTAC). Azərbaycan Respublikasının Salyan, Nefçala, Şirvan, Sabirabad, Saatlı, İmişli və digər bölgələrində yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları (MQF) Forumunun idarə heyətinin fövqəladə toplantısı keçirilmişdir.
Toplantıda vətəndaşların problemlərinin həll olunması üçün vətəndaş cəmiyyətinin imkan və potensialını səfərbər edərək, bütün səylərin birləşdirilməsinin vacibliyi vurğulanmışdır.
Bununla əlaqədar operativ qərargahın yaradılması, müvafiq dövlət qurumları ilə fəaliyyətin əlaqələndirilməsi, KİV-lərlə işin təşkili və “El gücü sel gücü” daimi ictimai xeyriyyə marafonun keçirilməsi qərara alınmışdır.
MQF-nin üzvləri qruplaşdırılaraq yerlərdə real vəziyyətlə tanış olmaq məqsədilə Salyan, Nefçala, Şirvan, Sabirabad, Saatlı, İmişli, Bərdə, Tərtər rayonlarına ezam olunmuşlar.