ELM VƏ TƏHSİL
Birgə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur
Bakı, 28 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Koreya Respublikasının Hallym Universitetinin dosenti, elm və texnologiya siyasəti üzrə məsləhətçi, professor Tae Canq Hanq ilə görüş keçirilmişdir.
İTİ-dən AZƏRTAC-a bildirmişlər ki, instituta ezam olunmuş koreyalı alimlə görüşün əsas məqsədi müvafiq sahədə birgə layihələrin həyata keçirilməsi və əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.
Əvvəlcə qonaq AzScienceNet Monitorinq və Təhlükəsizlik Xidməti, Verilənlərin Emalı Mərkəzi (DATA Center), Tədris-İnnovasiya və Distant Tədris mərkəzləri, o cümlədən müasir texnologiyalarla təchiz olunmuş auditoriyalarla tanış olmuşdur.
Qonağa institutun əsas fəaliyyət istiqamətləri, müxtəlif xarici universitet və elmi-tədqiqat institutları ilə əməkdaşlıq əlaqələri və həyata keçirilən innovativ layihələr haqqında ətraflı məlumat verilmişdir.
Görüşdə İTİ-nin Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi, Milli Tədqiqat Fondu və digər elmi qurumları ilə əlaqələrinin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
Koreyalı professor Azərbaycan ilə birgə MDB-yə üzv olan və Avropa İttifaqı ölkələri ilə elmi-texniki sahədə layihələrin həyata keçirilməsində maraqlı olduğunu söyləmişdir. Qonaq hər iki ölkənin müvafiq institut və təşkilatlarının davamlı birgə fəaliyyətinin təşkili və Koreya Respublikasının təcrübəsinin öyrənilməsi istiqamətində təmsil etdiyi qurumun instituta hər zaman kömək göstərməyə hazır olduğunu qeyd etmişdir.