CƏMİYYƏT
BMT-nin Əhali Fondu Azərbaycanda reproduktiv sağlamlıq və ailə planlaşdırılması işini yüksək qiymətləndirmişdir
Bakı, 8 iyul (AZƏRTAC). Azərbaycanda milli reproduktiv sağlamlıq strategiyası və sağlam analıq milli proqramı istiqamətində görülən işlər və əldə olunan nailiyyətlər beynəlxalq təşkilatların da diqqətini cəlb edir.
BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Heymo Laakkoneninin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərdiyi məktub bunun əyani sübutudur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, məktubda güclü perinatal müalicə xidmətlərinin qurulması və perinatal mərkəzlər şəbəkəsinin operativ vəziyyətə gətirilməsi sayəsində Azərbaycanda ana ölümü səviyyəsinin nəzərə çarpacaq şəkildə azaldılmasına nail olunduğu vurğulanmışdır.
Məktubda, həmçinin BMT-nin Əhali Fondunun ölkəmizdə icra olunan proqramlarında Səhiyyə Nazirliyinin fəal iştirakı, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində görülən tədbirlər çox yüksək qiymətləndirilmişdir.