BMT-nin Əhali və İnkişaf Komissiyası: Dünya əhalisi artır, qocalır və şəhərlərə köçür
Bakı, 2 aprel, AZƏRTAC
Əhalinin sürətlə artması, yaşlı insanların sayındakı çoxalma və urbanizasiya kimi demoqrafik dəyişikliklər ekologiya, iqtisadi və sosial problemləri daha da gərginləşdirir, eyni zamanda, yeni imkanlar yaradır.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, təşkilatın Nyu-Yorkdakı mənzil qərargahında Əhali və İnkişaf Komissiyasının sessiyası keçirilir. Tədbir iştirakçıları yeni demoqrafik tendensiyaların yaratdığı problemlərin həlli və onların üstünlüklərindən faydalanma məsələlərini müzakirə edirlər.
Komissiyanın hazırkı sessiyası əhali və inkişaf üzrə Qahirə proqramının 25 illiyinə həsr olunub. Həmin proqram dünya ölkələrinin hökumətləri üçün demoqrafik problemlərin həlli istiqamətində yol xəritəsinə çevrilib və onun qəbulundan sonra bu sahədə xeyli irəliləyişə nail olunub.
Sessiya iştirakçılarına müraciət edən BMT Baş katibinin birinci müavini Əminə Məhəmməd qeyd edib ki, son 25 ildə dilənçilik həddində yaşayan insanların sayı xeyli azalıb, ana ölümləri 40 faiz düşüb, insanların ömrü uzanıb.
1994-cü ildən 2019-cu ilədək olan dövrdə 5 yaşınadək uşaqların ölümü halları 54 faiz azalıb. Bütün dünyada orta ömür həddi 1994-cü ildəki 64,9 faizdən 2019-cu ildə 72,3 faizədək artıb. 2030-cu ildə bu göstəricinin daha iki dəfə artması gözlənilir. Bütün dünyada əhalinin rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Əminə Məhəmməd bildirib ki, eyni zamanda, bir çox problemlər həll olunmamış qalır. O, diqqəti qadınların reproduktiv hüquqlarının pozulması, təhsilin keyfiyyətinin aşağı olması məsələlərinə çəkib və qeyd edib ki, hazırkı demoqrafik tendensiyalar ciddi ekoloji, iqtisadi və sosial problemlərə səbəb olur.
Bu gün dünyanın əhalisi 7,7 milyard nəfərə çatıb və bu artım sürətlə davam edir. 2050-ci ildə planetimizdə 9,7 milyard, əsrin sonunda isə 11 milyard insan yaşayacaq.
Əminə Məhəmməd vurğulayıb: “Əhalinin sayının artması və iqtisadi inkişaf istehsalın və istehlakın görünməmiş səviyyələrə çatmasına səbəb olub. Bu isə ətraf mühit üçün çox ciddi problemlər yaradıb”. O əlavə edib ki, hələ 25 il əvvəl bu məsələlər Qahirə konfransında müzakirə olunub və iştirakçılar dayanıqlı inkişaf xəttinə keçməyin zəruriliyini vurğulayıblar.
BMT Baş katibinin komissiyanın müzakirəsinə təqdim edilmiş məruzəsində qeyd olunur ki, əhalinin artım tempi onun qocalması, doğum sayının azalması, həmçinin sürətli urbanizasiya ilə müşayiət olunur. Artıq bütün dünyada bir qadına orta hesabla 2,5 uşaq doğumu düşür, 2030-cu ildə isə bu rəqəm 2,4 körpə təşkil edəcək. Proqnozlara görə, 2050-ci ildə əhalinin 70 faizindən çoxu bu göstəricilərin lazımi səviyyədən az olduğu ölkələrdə yaşayacaq.
65 yaşından yuxarı insanlara gəldikdə isə, əhalinin ümumi sayında onların payı getdikcə artır. Hazırda Avropada yaşlı insanlar əhalinin 19, Şimali Amerikada 16 faizini təşkil edirlər. 2050-ci ildə bu göstəricilər müvafiq olaraq 28 və 23 faiz olacaq. Həmin dövrdə Asiya, Latın Amerikası, Karib hövzəsi ölkələrində də yaşlı əhalinin sayının 8 faizdən 18 faizədək artacağı gözlənilir. Bu gün ən gənc əhalinin yaşadığı Afrikada 2050-ci ildə yaşlı insanların sayı 9 faiz olacaq. Artıq dünyada yaşlı insanların 50 faizə yaxını təqaüddən məhrumdur.
Hazırda dünya əhalisinin təqribən 56 faizi şəhərlərdə yaşayır. Gələcəkdə əhalinin artım templəri əsasən şəhər əhalisinin hesabına olacaq. Proqnozlara görə, 2030-cu ildə onlar dünya əhalisinin 60 faizini, 2050-ci ildə isə 68 faizini təşkil edəcək.
BMT Baş katibinin birinci müavini vurğulayıb ki, dünyanın bütün ölkələrinin hökumətləri öz inkişaf proqramlarında demoqrafik və miqrasiya problemlərini nəzərə almalıdırlar. Çünki onlar gələcəkdə əhalinin artmasına və məskunlaşmasına təsir edən ciddi amillər olacaq. Bu problemlər 2030-cu ilədək olan dövrdə dayanıqlı inkişaf Hədəflərinə kömək edə, yaxud əngəl törədə bilərlər.
Əhali və İnkişaf Komissiyası 1946-cı ildə yaradılıb. O, BMT-nin İqtisadi və Sosial Şurasının yardımçı orqanıdır. Qurumun işində 47 BMT-yə üzv dövlət iştirak edir. Komissiyanın 51-ci sessiyası aprelin 5-də başa çatacaq.