Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovadan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbriklərimi və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
Bu xoş fürsətdən istifadə edərək, Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü Sessiyası zamanı mənə və nümayəndə heyətimə göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Bolqarıstan bələdiyyələrinin 10-dan çox meri, həmçinin Bolqarıstanın ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdikləri Sessiya ilə bağlı bizdə olduqca xoş təəssüratlar yarandı. Eyni zamanda, üç ay ərzində Sizinlə keçirilən ikinci ikitərəfli görüşdən məmnunluğumu vurğulayıram. Bu, ölkələrimiz arasında ən yüksək səviyyədə intensiv siyasi dialoqun sübutudur.
Münasibətlərimizdəki müsbət siyasi dinamikanın hər iki tərəf üçün faydalı əməli nəticələrə və layihələrə çevrilməli olduğu fikrinizi tamamilə bölüşürəm. Hesab edirəm ki, enerji sahəsində əməkdaşlıqla bağlı danışıqlarımız zamanı əldə edilən razılaşmaların həyata keçirilməsi, Bolqarıstan şirkətlərinə Azərbaycanın təbii qazının tədarükünün artırılması, həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında “yaşıl enerji”nin quru yolla ötürülməsi üçün ikinci enerji dəhlizinin müzakirə olunan potensialı münaqişələr və qeyri-sabitlik səbəbindən sarsılmış bugünkü dünyada zəruri investisiyalardır. Sənaye zonaları və texnoloji parklar sahəsində tərəfdaşlıq münasibətlərinin intensivləşdirilməsi, eyni zamanda, xalqlarımız arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi də Bolqarıstan üçün vacib prioritet sahələrdir.
Sizi Bolqarıstanda qonağımız kimi qəbul etmək, Veliko Tırnovo şəhərində “Şuşa Parkı”nın dostluq münasibətlərimizin parlaq rəmzi olaraq birgə açılışını etmək mənim üçün şərəf olardı.
Yaxın gələcəkdə Zati-alinizi Bolqarıstanda salamlamaq imkanımın olacağı ümidi ilə Sizə və ailənizə cansağlığı, ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram.
Hörmətlə,
İliyana Yotova
Bolqarıstan Respublikasının Prezidenti