DÜNYA
Britaniya alimləri qızılın rəngini dəyişə bilirlər
Bakı, 1 noyabr (AZƏRTAC). Böyük Britaniyadakı Sauthempton universitetinin mütəxəssisləri qızıl səth üzərində nadir rəsm işləyib hazırlamışlar ki, bu da qiymətli metalın əksetmə xassələrini təshih edə və hətta qızılın rəngini vizual dəyişə bilir. Bu ixtira nəticəsində yaşıl və ya qırmızı rəngli qızıl yaratmaq imkanı meydana çıxmışdır.
Ekspertlər ion dəstəsinin köməyi ilə frezerləmə üsulunu tətbiq etmişlər. Bu, qumvurma emalına bənzəyir, lakin hər şey atom səviyyəsində edilir.
Bu texnologiya çox yaxşı öyrənilmişdir. Düzdür, məsələn, gəminin örtüyünü bu üsulla rəngləmək elə də asan deyildir. Amma ondan zərgərlik işində, yaxud kifayət qədər mürəkkəb optik xassələrə malik səthlərlə işləməyin lazım gəldiyi başqa sahələrdə istifadə etmək olar. Məsələn, bu texnologiya qoruyucu əmtəə nişanları, habelə reklam məmulatları ilə iş üçün əlverişlidir. Onu başqa metallara, məsələn, alüminium və gümüşə də tətbiq etmək olar. Bu, metal səthlərin rənglənməsinin yeni üsuludur və bu zaman kanserogen boyaqlardan istifadə etməyə lüzum qalmır.