Britaniya XİN-in başçısı: London “sərt” Brexit prosesinə hazırlaşmalıdır
Bakı, 1 iyun, AZƏRTAC
Böyük Britaniya Avropa İttifaqını sazişsiz tərk etməyə tam hazır olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Krallığın daxili işlər naziri Sacid Cavid “Daily Mail” qəzetində dərc olunan məqaləsində deyib.
“Biz sazişsiz vəziyyətə tam hazır olmalıyıq. Avropa İttifaqının danışıqların seytnot vəziyyətində aparılması barədə tələbi saziş əldə edə bilməyəcəyimiz təqdirdə oktyabrın 31-də məhz vaxt çatışmazlığı ilə qarşılaşacağımız mənasına gəlir”, - deyə Sacid Cavid “sərt” Brexit variantının ölkə üçün ağrılı keçəcəyini bildirib. Onun sözlərinə görə, Londonun Avropa İttifaqını sazişsiz tərk etməyə hazırlıqlı olması Brüssellə danışıqlarda Böyük Britaniyanın mövqeyini gücləndirəcək.
“Biz oktyabrın 31-də Avropa İttifaqını tərk etməliyik. Əgər sazişə nail ola bilməsək, təəssüf ki, mənfi nəticələri minimuma endirmək üçün mümkün olan hər şeyi edərək ittifaqı sazişsiz tərk etməli olacağıq”, - deyə Birləşmiş Krallığın daxili işlər naziri əlavə edib.
Böyük Britaniya 2019-cu il martın 29-da, yəni Brexit barədə yazılı bildiriş göndərdikdən iki il sonra Avropa İttifaqını tərk etməli idi. Lakin İcmalar palatasının deputatları Birləşmiş Krallığın Baş naziri Tereza Meyin Avropa liderləri ilə danışıqların gedişində nail olduğu Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd edib. Nəticədə Avropa İttifaqı Brexit vaxtını əvvəlcə aprel-may aylarına, sonra isə oktyabrın 31-nə təxirə salıb.