SİYASƏT
BSU-da akademik Ramiz Mehdiyevin “Десять лет, изменившие Азербайджан: 2003-2013” kitabının müzakirəsi keçirilmişdir

Bakı, 20 noyabr (AZƏRTAC). Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Десять лет, изменившие Азербайджан: 2003-2013” kitabının müzakirəsinə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
BSU-dan AZƏRTAC-a bildirmişlər ki, müzakirəni universitetin elmi işlər üzrə prorektoru, dosent Seyfəl Həsənov açaraq, kitabın dəyərindən söz açmışdır.
Universitetin İctimai-siyasi elmlər (virtual) institutunun direktoru, dosent Qalib Barxalov 2003-2013-cü illərdə Azərbaycanda baş verən ictimai-siyasi proseslər, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərindən danışmışdır. Akademik R.Mehdiyevin kitabında son 10 ildə siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə və təhsildə baş verən yeniliklərdən danışıldığını deyən natiq, noyabr ayının əvvəllərində keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumundan da söz açmış, bu tədbirin Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə həyata keçirildiyini vurğulamışdır. O, oktyabrın 9-da keçirilmiş prezident seçkilərində xalqın düzgün seçiminin ölkəmizin hər bir sahədə inkişafına müsbət təsir edəcəyini vurğulamış və Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmizin daha da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.
Universitetin diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Şirinbəy Əliyev kitabın müəllifi haqqında danışaraq, akademik R.Mehdiyevin daim cəmiyyəti düşündürən və aktuallığı ilə seçilən problemlərə və mövzulara müraciət etdiyini, bu kitabın da ən yeni tariximizin hərtərəfli tədqiqində xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Avropaşünaslıq kafedrasının müdiri, dosent Sevda Axundova böyük siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevdən sonrakı dövrdə ölkənin idarə olunmasında Prezident İlham Əliyevin misilsiz xidmətlərindən, dövlət idarəçiliyi kimi məsuliyyətli işin öhdəsindən layiqincə gəldiyindən danışmışdır.
Dosent Ərzuman Əmirli kitabın quruluşu, fəsillər arasında əlaqələr, hər bir fəsildə əks olunmuş məlumatların dolğunluğu, faktların məntiqi ardıcıllığı barədə fikirlərini bildirmişdir.
Akademik R.Mehdiyevin “Десять лет, изменившие Азербайджан: 2003-2013” kitabının müzakirəsinə həsr olunmuş “dəyirmi masa” iştirakçıları əsərin Moskva nəşriyyatında nəşr edilməsinin MDB məkanında həm siyasi, həm də mədəni maraq doğuran hadisə olduğunu qeyd etmişlər.
Müzakirələr tədbirdə iştirak edən tələbələr və gənc tədqiqatçılar üçün xüsusilə maraqlı və faydalı olmuşdur.