“BU DƏNİZİN GÖZÜ YAŞLI SƏNSİZ” KİTABININ TƏQDİMAT MƏRASİMİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, aprelin 10-da R.Behbudov adına Dövlət Mahnı Teatrında yazıçı-jurnalist Südabə Sərvinin tanınmış bəstəkar, xalq artisti, professor Emin Sabitoğlunun 70 illik yubileyinə həsr etdiyi “Bu dənizin gözü yaşlı sənsiz” kitabının təqdimat mərasimi keçirilmişdir.
Kitabda Emin Sabitoğlunun dostlarının, yaxınlarının, mədəniyyət və incəsənət xadimlərinin bəstəkarın həyat və yaradıcılığı ilə bağlı xatirələri toplanmışdır.
Kitabın təqdimatında çıxış edənlər Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə E.Sabitoğlunun yubileyinin keçirilməsini, yaşadığı evin divarına barelyefinin vurulmasını və ayrı-ayrı bölgələrimizdə xatirə gecələrinin təşkilini razılıqla qarşılamış, onun xatirəsinə xalq ehtiramından danışmışlar.
Natiqlər Emin Sabitoğlu ilə bağlı xatirələrin toplandığı kitabın məziyyətindən danışarkən, onun qəlbləri oxşayan melodiyalarından da bəhs etmişlər. Vurğulanmışdır ki, bəstəkarın həmişəyaşar musiqisi nə qədər sadə və yığcamdırsa, bir o qədər də təsirli və sirayətedicidir.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, xalq şairi Fikrət Qoca, əməkdar incəsənət xadimi Ayaz Vəfalı, Bəstəkarlar İttifaqının katibi Ramiz Zöhrabov, sənətşünaslıq namizədi Lalə Hüseynova və digər çıxış edənlər XX əsr musiqi tarixində E.Sabitoğlunun öz yolu, öz dəsti-xətti olduğunu söyləmiş, böyük sənətkarın onlarla lirik mahnı yazdığını, 14 sənədli, 22 bədii filmə musiqi bəstələyərək, əbədi və solmaz bir irs qoyub getdiyini vurğulamışlar. Onlar bəstəkar haqqında xatirələr toplusu olan bu kitabı ərsəyə gətirdiyinə görə müəllifə minnətdarlıqlarını bildirmişlər.
Qeyd edilmişdir ki, görkəmli dramaturq Sabit Rəhmanın ailəsində dünyaya göz açmış Emin Sabitoğlu musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki orta musiqi məktəbində (indiki Bülbül adına məktəbdə) almış, 1954-cü ildə Konservatoriyada Qara Qarayevin sinfinə daxil olmuş, 1957-1961-ci illərdə təhsilini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirmişdir. Emin Sabitoğlu dövrünün tanınmış bəstəkarı olaraq nəinki keçmiş SSRİ-də, hətta qardaş Türkiyədə də sevilmiş, hər zaman hörmətlə qarşılanmış və bir müddət orada fəaliyyət göstərmişdir.
Tədbirdə əməkdar artistlər Yalçın Rzazadə, Flora Kərimova, müğənni Tahirə Muradova bəstəkarın lirik mahnılarını ifa etmişlər.
Kitabın müəllifi, yazıçı-jurnalist Südabə Sərvi əsərin yazılma ideyasının təşəbbüsçüsü olduğuna və nəşrin ərsəyə gəlməsinə köməklik göstərdiyinə görə xalq yazıçısı Anara təşəkkürünü bildirmiş, bəstəkarın dostları və yaxınlarının yardımına görə razılıq etmişdir.
Tədbirdə çıxış edən “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Taleh dövri mətbuatdakı fəaliyyətinə və kitabın yüksək peşəkarlıqla yazılmasına görə Südabə Sərviyə “Peşəkar jurnalist” diplomunu təqdim etmişdir.
Bəstəkarın qızı, musiqişünas Ceyran Mahmudova atasının xatirəsinə göstərilən diqqət və qayğıya görə kitabın müəllifinə və tədbirin iştirakçılarına minnətdarlığını bildirmiş, E.Sabitoğlu ilə bağlı həzin xatirələrini söyləmişdir.