Gənc rəssamın növbəti uğuru
Bakı, 5 iyun, AZƏRTAC
Müasir Azərbaycan təsviri sənətində öz təkrarsız yaradıcılığı və iradəsi ilə seçilən gənc rəssamlardan biri də Fuad Musayevdir.
AZƏRTAC xəbər verir ki, gənc rəssam bu günlərdə Prezident təqaüdünə layiq görülüb.
2001-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gələn Fuad Musayev hələ məktəb illərindən incəsənətə böyük maraq göstərib, təhsilini yüksək nəticələrlə başa vuraraq Əzim Əzimzadə adına Rəssamlıq Kollecinə, daha sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub. Akademiyanı fərqlənmə diplomu ilə bitirən gənc rəssam bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dost İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzində keramist-rəssam müəllim kimi çalışır.
Fuad Musayevin həyat və yaradıcılıq yolunu xüsusi edən məqamlardan biri onun eşitmə və nitq məhdudiyyətli olmasına baxmayaraq, bütün çətinlikləri əzmlə aşaraq peşəkar sənətkar kimi formalaşmasıdır. O, uşaqlıq yaşlarından etibarən sərgilərdə iştirak edib, çoxsaylı diplom və sertifikatla təltif olunub, rəssamlıq, keramika və xalçaçılıq sahələrində uğurlu fəaliyyət göstərib. Onun yaradıcılıq yolu sübut edir ki, fiziki məhdudiyyət insanın istedadını və inkişaf potensialını məhdudlaşdıra bilməz.
2025-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunması gənc rəssamın yaradıcılığına verilən yüksək qiymətin göstəricisidir. Fuad Musayev yaradıcılığında milli dəyərlərə, doğma yurda və mədəni irsə xüsusi yer verir. 2025-ci il iyulun 21-də Laçının Yurd Qalereyasında keçirilən “Yurd çağırır məni” adlı ilk fərdi sərgisi də bunun parlaq nümunəsidir. Bu il Fuadın ən mühüm nailiyyətlərindən biri isə Azərbaycan Rəssamlar İttifaqının “Gənc Rəssamlar” bölməsi üzrə Prezident təqaüdünə layiq görülməsi olub. Bu mükafat yalnız onun yaradıcılıq uğurlarının deyil, həm də qarşısına çıxan maneələri əzmkarlıqla dəf edən bir peşəkar kimi qazandığı nüfuzun təsdiqidir.
Fuad Musayevin uğur hekayəsi inklüziv cəmiyyətin formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır. Onun əldə etdiyi nailiyyətlər, xüsusilə Prezident təqaüdünə layiq görülməsi, istedad, zəhmət və iradənin bütün maneələrdən üstün olduğunu göstərən dəyərli nümunədir. Bu gün Fuad Musayev həm yaradıcılığı, həm də həyat yolu ilə gənc nəslə ilham verən rəssamlar sırasında yer alır.