Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır
Bakı, 4 iyun, AZƏRTAC
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr kibertəhlükəsizlik sahəsində xarici texnologiyalardan asılılığın azaldılması və ortaq həllərin hazırlanması istiqamətində əməkdaşlığı gücləndirməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Müdafiə Sənayesi İdarəsinin müşaviri, Türkiyə Kibertəhlükəsizlik Klasterinin baş koordinatoru Alpaslan Kesici IV Milli Kibertəhlükəsizlik Forumunda keçirilən “Regional Təcrübə və Əməkdaşlıq” panelində səsləndirib.
O bildirib ki, müasir müharibələrdə kiberməkan əsas mübarizə sahələrindən birinə çevrilib və dövlətlərin enerji, müdafiə sənayesi, dövlət idarəetməsi və digər kritik infrastrukturlarının qorunması strateji əhəmiyyət daşıyır.
Alpaslan Kesici qeyd edib ki, hazırda dövlət qurumlarında və şirkətlərdə istifadə olunan antiviruslar, təhlükəsizlik divarları və digər kibertəhlükəsizlik məhsullarının böyük hissəsi xarici mənşəlidir.
“Geosiyasi gərginliklər fonunda bu məhsulların etibarlılığı və davamlı fəaliyyəti ilə bağlı suallar yaranır. Bu məhsulların bir hissəsinin xidmətləri məhdudlaşdırdığı və ya dayandırdığı halları görmüşük. Buna görə də Türkiyə, Azərbaycan və digər TDT ölkələri birlikdə hərəkət etməli, öz texnologiyalarını və məhsullarını yaratmalıdırlar”, – deyə o vurğulayıb.
Türkiyə Kibertəhlükəsizlik Klasterinin baş koordinatoru bildirib ki, Türkiyədə milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması məqsədilə yaradılan klaster yerli şirkətlərin inkişafına və rəqabətqabiliyyətli məhsulların hazırlanmasına dəstək verir. Onun sözlərinə görə, Azərbaycan da öz kibertəhlükəsizlik ekosistemini formalaşdırır və TDT məkanında ortaq layihələrin həyata keçirilməsi regionun rəqəmsal təhlükəsizliyinin gücləndirilməsinə xidmət edə bilər.