SİYASƏT
BU GÜN AZƏRBAYCANIN QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFI ÇOX SÜRƏTLƏ GEDİR
Bakı, 2 iyun (AZƏRTAC). Prezident İlham Əliyev XVII Xəzər neft-qaz sərgi və konfransının açılışındakı nitqində bildirmişdir ki, bu gün Azərbaycanın qeyri-neft sektorunun inkişafı da çox sürətlə gedir. Bu gün artıq Azərbaycan iqtisadiyyatı neft amilindən o qədər də asılı deyildir.
Dövlətimizin başçısı demişdir ki, investisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələr, hasilatın artırılması, Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsilə dünya və Avropa bazarlarına nəql edilməsi layihələri bugünkü Azərbaycanın reallıqlarını böyük dərəcədə əks etdirir.
Bundan sonra da uzun illər ərzində neft və qaz amilinin Azərbaycanın həm iqtisadi maraqlarını təmin edəcəyini, həm dünyadakı mövqelərini möhkəmləndirəcəyini qeyd edən Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün bu amil uzun illər öz rolunu oynayacaqdır. Ancaq bununla bərabər, bu gün Azərbaycanın qeyri-neft sektorunun inkişafı da çox sürətlə gedir. Buna təkan verən məhz neft siyasəti, neft strategiyası olmuşdur.