Bu gün başlayan “TransLogistica Caspian” sərgisində olacaq yeniliklər açıqlanıb
Bakı, 4 iyun, AZƏRTAC
Bu gün başlayan “TransLogistica Caspian” sərgisində bir sıra ölkələrdən 47 şirkət iştirak edir. Eyni zamanda ötən illərdən fərqli olaraq bu dövlət qurumları da sərgidə iştirak edir. Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika - “TransLogistica Caspian” sərgisinin layihə rəhbəri Ləman Ağayeva sərgi ilə bağlı AZƏRTAC-a müsahibəsində danışıb. Müsahibəni təqdim edirik.
-Ləman xanım, “TransLogistica Caspian” sərgisi bu gün başladı. Sərgi haqqında məlumat verəsiniz.
-4, 5, 6 iyun tarixlərində Bakı Ekspo Mərkəzində region üçün mühüm əhəmiyyət daşıyan tədbir - 21-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransLogistica Caspian” Sərgisi təşkil edilir.
Üç günlük sərgidə Azərbaycanla yanaşı Fransa, Qazaxıstan, İsveçrə, Latviya, Rusiya Federasiyası, Türkiyə və Ukraynadan, ümumilikdə 47 şirkət iştirak edir. Nəzərinizə çatdırmaq istərdim ki, ötən illə müqayisədə builki iştirakçı ölkələr sırasına Almaniya, Amerika Birləşmiş Ştatları və Latviya kimi ölkələr daxil olub. Ümumiyyətlə, sərgilərə Avropa, Rusiya və Xəzəryani ölkələrdən daha çox maraq göstərilir.
-Nəqliyyat və logistika sektoru regionumuz üçün çox önəmli bir sahədir. Bəs illərlə keçirilən bu sərginin ölkə üçün əhəmiyyəti nədən ibarətdir?
-Ənənəvi “TransLogistica Caspian” sərgisi artıq uzun illərdir ki, nəqliyyat və logistika sektorunun əsas istiqamətlərini diqqətdə saxlayır, ölkənin nəqliyyat qovşağı kimi mühüm rolunu bir daha vurğulayır. Müasir dövrdə Azərbaycanın nəqliyyat sahəsində bu rolunu müəyyən edən bir sıra digər əsas aspektlər sərginin aktuallığını daha da artırır. Belə ki, Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi olmaqla, Çin və Avropa arasında məhsulların Xəzər dənizi vasitəsilə daşınmasını təmin edir. Bununla yanaşı, ölkə nəqliyyat infrastrukturunun inkişafı layihələrinə fəal şəkildə sərmayə qoyur. Ən başlıcası isə Azərbaycan neft və qaz ölkəsi kimi öz enerji ehtiyatları sayəsində enerji tranziti üçün inkişaf etmiş infrastruktura malikdir.
-Sərgi hansı istiqamətləri əhatə edir? Sərgidə yeniliklər nədən ibarətdir?
-“TransLogistica Caspian” sərgisi nəqliyyat sektorunun bir çox sahələrini birləşdirən səmərəli platformadır. Ənənəvi olaraq bu ilki tədbirdə də aviasiya, dəmiryol infrastrukturu, dənizçilik sənayesi, kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarının əsas istiqamətləri müzakirə olunacaq.
Ənənəvi sektorlarla yanaşı, sərgi bir sıra yeni istiqamətləri əhatə edir. Logistika proseslərinin optimallaşdırılması, orta və böyük biznes üçün proqram təminatının hazırlanması və İT həllərin tətbiqi, eləcə də təchizat zəncirinin idarə edilməsi proseslərinin avtomatlaşdırılması üçün proqram təminatının hazırlanması kimi mövzular, inanırıq ki, yeni və faydalı müzakirələrə yol açacaq.
Sərgi ilə bağlı mühüm bir məqamı da qeyd etmək istərdim. Belə ki, tədbirdə kommersiya şirkətləri ilə yanaşı, dövlət strukturları da iştirak edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC bu il sərgiyə öz stendləri ilə qatılıblar.
-Sərgi iştirakçı ölkələrə nə qazandırır? Eyni zamanda, ziyarətçilər üçün sərginin əhəmiyyəti nədən ibarətdir?
-Sərgi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektiv dövlət infrastruktur layihələri ilə tanış olmaq, yeni əməkdaşlıqlara imza atmaq, yeni şirkətlərin fəaliyyəti ilə tanış olmaq, potensial müştərilərə çıxış əldə etmək və digər çoxsaylı unikal imkanlar yaradır.
“TransLogistica Caspian” sərgisinin iştirakçıları, eyni zamanda, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Xəzər Neft və Qaz, və Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgilərinin iştirakçıları ilə işgüzar görüşlər keçirmək imkanı əldə edəcəklər. Belə ki, “TransLogistica Caspian” sərgisində təmsil olunan yükdaşıma şirkətləri Xəzər Neft və Qaz, və Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgilərinin iştirakçıları ilə yüklərin daşınmasını, alternativ nəqliyyat marşrutlarını və qeyri-standart yüklərin daşınması üzrə müzakirələr aparmaq imkanı qazanacaqlar. Bu isə öz növbəsində “TransLogistica Caspian” sərgisinin iştirakçıları üçün energetika sektorunun iri yük sahibləri ilə canlı görüşlər keçirməyə imkan yaradacaq.
Ziyarətçilər isə sərgi zamanı nəqliyyat, logistika bazarını analiz etmək, özləri üçün optimal və lazım olan xidmətləri seçmək və öz çalışdıqları sektorlar üzrə canlı görüşlər keçirmək imkanı qazanırlar.
-Sərgidə hansı mövzulara üstünlük veriləcək?
-Sərgi çərçivəsində faydalı işgüzar proqram təşkil edilib, yerli və xarici şirkətlərin iştirakı ilə “B2B” və “B2G” formatlı görüşlər və müzakirələr keçirilir. Tədbir zamanı “Sürətli və təhlükəsiz logistikada rəqəmsal gömrük dəstək mexanizmləri”, “Eko-avtomobilin gələcəyi və Azərbaycanda elektromobillərin artan populyarlığı”, “Radioaktiv maddələrin nəqli zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsi”, “Orta Dəhliz: perspektivlər və çağırışlar” və s. mövzularda panel diskussiyaları keçiriləcək.
-Bu cür tədbirlərin keçirilməsində dəstəkçilər, sponsorlar böyük rol oynayır. Bu sərginin təşkilatçı-dəstəkçiləri kimlərdir?
-“TransLogistica Caspian” sərgisinə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstək göstərilir.
Sərginin qızıl sponsoru qismində “Railgo” şirkəti çıxış edir.
Tədbirin təşkilatçısı “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Managment” şirkətləridir.
-Sərginin ziyarət şərtləri necədir? Kimlər sərgini ziyarət edə bilər?
4-6 iyun tarixlərində sərgiyə sahə mütəxəssisləri və iş adamları daxil ola bilərlər. Tələbələr isə sərgilərə yalnız 6 iyun tarixində daxil ola bilərlər. Düşünürəm bu sahədə təhsil alan tələbələr üçün sərgi çox gözəl fürsət və təcrübə ola bilər. Sərgi haqqında ətraflı məlumatı https://translogistica.az saytından əldə etmək mümkündür. Eyni zamanda sərgidə iştirak etmək üçün həmin veb-sayt vasitəsilə qeydiyyatdan keçmək olar.