İDMAN
Bu gün Moskvada futbol üzrə Rusiya və Azərbaycan milliləri arasında beynəlxalq yoldaşlıq oyunu keçiriləcək
Bakı, 3 sentyabr (AZƏRTAC). Bu gün Moskva şəhərindəki “Ximki Arena”da futbol üzrə Rusiya və Azərbaycan milliləri arasında beynəlxalq yoldaşlıq oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanı özbəkistanlı FIFA referisi Ravşan İrmatov idarə edəcək. Onun köməkçiləri həmyerliləri Abduhamidullo Rəsulov və Əlişer Usmanov olacaqlar.
Rusiya yığması ilə qarşılaşma millimizin bu il keçirdiyi dördüncü yoldaşlıq oyunudur. İlin əvvəlində Dubayda Filippin yığması üzərində qələbə qazanan (1:0) yığmamız ABŞ ilə səfər matçında uduzmuşdu - 0:2. Özbəkistan millisi ilə Bakıda keçirilən oyunda isə hesab açılmamışdı.