REGİONLAR
Bu ilin birinci yarısında Qəbələnin otel və mehmanxanaları 35 mindən çox turistə xidmət göstərib
![Bu ilin birinci yarısında Qəbələnin otel və mehmanxanaları 35 mindən çox turistə xidmət göstərib](/files/2023/2/1200x630/1689500274447745909_1200x630.jpg)
Qəbələ, 16 iyul, Mustafa Dadaşov, AZƏRTAC
2023-cü ilin yanvar-iyun aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 35 min 450 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 19 min 296 nəfəri və ya 54,4 faizi Azərbaycan, 16 min 154 nəfəri və ya 45,6 faizi xarici ölkə vətəndaşı olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, cari ilin birinci yarısında Qəbələnin otel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 min 742 nəfər və ya 13,9 faiz azalıb. Altı ayda yerli turistlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 5 min 30 nəfər və ya 20,7 faiz, əcnəbi turistlərin sayında isə 712 nəfər və ya 4,2 faiz azalma qeydə alınıb.
Yanvar-iyun aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib. Belə ki, altı ayda bu ölkənin 3729 vətəndaşı Qəbələdə olub. Bu müddət ərzində Qəbələyə Səudiyyə Ərəbistanından 3423, Birləşmiş Ərəb Əmirliklərindən 2578, Küveytdən 890, İsraildən 778, Rusiyadan 617, Pakistandan 479 turist səfər edib. Bundan əlavə, həmin müddətdə Qəbələyə Qətər, Oman, Türkiyə, ABŞ, Bəhreyn, Qazaxıstan və digər ölkələrdən də xeyli sayda turist gəlib.
Altı ayda Qəbələ rayonu ərazisində yerləşən 18 mehmanxana və mehmanxana tipli müəssisədən 16-sı fəaliyyət göstərib. Bir gün qalmaq üçün orta qiymət 95,8 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub. Müddət ərzində turizm obyektlərində 924 işçi çalışıb.