İQTİSADİYYAT
Bu ilin doqquz ayında 483 müəssisədə istehsal olunan məhsullarda nöqsanlar aşkar edilmişdir
Bakı, 11 oktyabr (AZƏRTAC). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) ərazi dövlət nəzarəti idarələri istehlakçı hüquqlarının qorunmasına, normativ sənədlərin tələblərinə, metroloji qaydalara, istehsal və idxal olunan məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinə nəzarət məqsədi ilə cari ilin yanvar-sentyabrında 1175 dövlət nəzarəti tədbirləri həyata keçirmişdir.
SMPDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dövlət nəzarəti tədbirləri zamanı 692 təsərrüfat subyektində nöqsan aşkar edilməyərək müsbət akt tərtib edilmiş, 483 təsərrüfat subyektində isə müəyyən olunan qanun pozuntuları ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmüş, müəssisə rəhbərlərinə iradnamə və tələbnamə verilmişdir. 32 təsərrüfat subyekti barədə, ümumilikdə, 98 min manat cərimə qərarları qəbul edilmiş, 5 müəssisə barədə tərtib edilmiş sənədlər baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir.
Dövlət nəzarəti tədbirləri nəticəsində uyğunluq sertifikatı olmadığına görə bir sıra məhsulların satışına icazə verilməmiş, təhlükəsizlik və digər göstəricilərinə görə standartın tələblərinə uyğun olmayan məhsullar da aktlaşdırılaraq məhv edilmişdir.