DÜNYA
Budapeştin fikri qətidir: milli qanunvericilik ümumavropa qanunvericiliyindən alidir
![Budapeştin fikri qətidir: milli qanunvericilik ümumavropa qanunvericiliyindən alidir](/files/2022/1/1200x630/16440691891109716262_1200x630.jpg)
Budapeşt, 5 fevral, AZƏRTAC
Macarıstan hökuməti təkidlə bəyan edir ki, milli qanunvericilik ümumavropa qanunvericiliyindən üstündür.
AZƏRTAC xəbər verir ki, Macarıstan hökuməti özünün bu mövqeyinin nəticəsi kimi, bu hökumətin 2018-ci il tarixli qanununun qəbuledilməz sayılması haqqında Avropa məhkəməsi tərəfindən keçən il Lüksemburqda çıxarılmış qərarı yerinə yetirməkdən imtina edir.
Beləliklə, Budapeşt göstərib ki, öz ölkələrində həyatı və azadlığı riskə məruz qalmayan miqrantların Macarıstanda sığınacaq istəməsini qadağan edən qanunun qüvvəsinə xitam vermək niyyətində deyil. Məhkəmənin qərarına görə, bu qanun və Macarıstanın bəzi başqa qanunları “Brüssel prinsiplərinə ziddir”.
Baş nazir Viktor Orban bu gün ictimai radio ilə çıxışında bir daha təsdiq edib ki, məhkəmənin Lükskemburqda çıxardığı qərara baxmayaraq, Budapeşt öz immiqrasiya siyasətini dəyişdirməyəcək. Baş nazir Macarıstan Konstitusiya Məhkəməsinin milli hüququn ümumavropa hüququndan üstünlüyünü tanımış hökmünə istinad edib.
Orban deyib: “Biz daha əvvəl qəbul etdiyimiz qaydanı saxlayacağıq. Hətta Avropa Məhkəməsi bizə həmin qaydaya dəyişikliklər etməyi tapşırsa da, biz bunu etməyəcəyik”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt