CƏMİYYƏT
Bursa Diaspor Forumu çərçivəsində keçirilən görüşlərdə Azərbaycan diasporunun inkişafından danışılıb VİDEO
Bursa, 28 mart, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türk Dövlətləri Təşkilatının (TDT) Bursada təşkil olunan İkinci Diaspor Forumu çərçivəsində Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdullah Eren, Qırğızıstanın Xarici İşlər Nazirliyinin Məcburi Miqrasiya üzrə Departamentinin direktoru Taştanbek Kayimazarov və Özbəkistanın Nazirlər Kabineti nəzdində Millətlərarası Əlaqələr və Xarici Ölkələrlə Dostluq Komitəsinin sədri Rustambek Kurbanov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşlərdə Azərbaycanda diaspor sahəsində görülən işlərin nəticələri və qarşıda duran vəzifələr barədə geniş məlumat verilib, türk dünyasını təmsil edən diaspor qurumları arasında koordinasiyalı fəaliyyətin inkişafının əhəmiyyətindən danışılıb.
Diqqətə çatdırılıb ki, Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə dövlət başçıları tərəfindən qəbul edilən “Türk dünyasının gələcəyi-2040” sənədi və İstanbul Bəyannaməsində əks olunan “Türk Şurasının Türkdilli Diasporların Ortaq Fəaliyyət Strategiyası” və “2021-2022-ci illər üçün Türk Şurasının Türkdilli Diasporların Ortaq Fəaliyyət Planı”ndan irəli gələrək türkdilli diasporların qlobal və regional arenada birgə fəaliyyətin təmin olunması strateji xarakter daşıyır. Tərəflər birgə fəaliyyətin milli və dövlətçilik maraqlarına uyğun olduğunu xüsusi vurğulayıblar.
Azərbaycan diasporunun inkişafı, qarşıda duran vəzifələr və perspektivlər barədə geniş məlumat verən komitə sədri Fuad Muradov vurğulayıb ki, Azərbaycanın və Türkiyənin diaspor təşkilatları arasında birgə fəaliyyətin səmərəli nəticələri yaxşı nümunə olaraq cəlbedicidir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Bursa