Cəlilabadda yol problemi: Rəsmilər məsələnin həll olunacağını bildirir FOTO VİDEO
Cəlilabad, 12 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Cəlilabad rayonunun Ağbulaq kəndinin sakinləri illərdir yol problemi ilə yaşayırlar. Sakinlərin sözlərinə görə, yol o qədər bərbad vəziyyətə düşüb ki, gediş-gəliş həddən artıq çətinləşib.
AZƏRTAC-ın bölgə müxbiri sözügedən kənddə olub, sakinlərin qarşılaşdığı problemlə maraqlanıb.
Ağbulaq kəndi dağ və meşə massivində yerləşdiyi üçün kənd sakinləri ilk payız yağışı başlayan kimi yol probleminin ciddiliyi ilə üz-üzə qalırlar. Sakinlər 7 kilometr yolu qət etmək üçün həm xeyli vaxt itirir, həm də əlavə xərc çəkməli olurlar.
Sakinlər deyirlər ki, bu yol heç vaxt asfalt üzü görməyib. Yolun bərbad olması üzündən sakinlər hər gün minbir əziyyətə qatlaşmaq məcburiyyətində qalırlar.

“Kənddəki bütün çətinliklərin başında yolumuzun olmaması dayanır”, - deyən sakin Fərail Əzizov bildirib ki, qar yağanda rayon mərkəzi ilə əlaqə tamam kəsilir: “Ağır xəstəmiz olanda həkimə çatdıra bilmirik”.
Sakinlər rayon mərkəzinə və digər yaşayış məntəqələrinə getmək üçün çala-çuxurlu yollardan istifadə etməli olurlar. Bu, həm vaxt itkisi, həm də avtomobillərin texniki baxımından daha tez sıradan çıxmasına səbəb olur.

“Bir nömrəli çətinliyimiz yolumuzun olmamasıdır. Yağış-qar olan kimi hər yer ilə əlaqəmiz kəsilir. Evimdə xəstə nəvəm var, onu həkimə vaxtında apara bilmirəm. Rayon mərkəzinə iki saata gedib çıxırıq. Həm vaxtımız gedir, həm də avtomobilin ehtiyat hissələri sıradan çıxır”, - deyə Adışirin Davudov qeyd edib.

Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rövşən Mirzəyevlə əlaqə saxladıq. O bildirdi ki, sakinlərin problemindən xəbərdardırlar: “Mövcud problemlə bağlı deyə bilərəm ki, həmin kəndə çəkilmiş yol uzun illərdir təmir olunmur. Yaxın gələcəkdə kəndlərarası yolun bərpasının investisiya proqramına daxil edilməklə yenidən qurulması nəzərdə tutulur”.
