DÜNYA
Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlim keçirəcək
![Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlim keçirəcək](/files/2022/3/1200x630/16644518435808544631_1200x630.jpg)
Pekin, 29 sentyabr, AZƏRTAC
Cənubi Koreya, ABŞ və Yaponiya Şərq (Yapon) dənizinin beynəlxalq sularında sualtı qayıqlara qarşı əməliyyatı nəzərdə tutan üçtərəfli hərbi təlim keçirəcəklər.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, 3 ölkənin son 5 ildə ilk dəfə keçirəcəyi dəniz təlimləri Şimali Koreyanın nüvə-raket fəallığı fonunda baş tutacaq. Sentyabrın 30-da başlayacaq təlimlərdə nüvə başlıqlı raketlər daşıyan sualtı qayıqların birgə aşkarlanması, müəyyən edilməsi və izlənilməsi əsas diqqət mərkəzində olacaq. Təlimlərə hər üç ölkənin döyüş gəmiləri, o cümlədən ABŞ-nin “USS Ronald Reyqan” təyyarədaşıyan gəmisi, Cənubi Koreyanın “Böyük Munmu” və Yaponiyanın “Asahi” esminesləri də cəlb olunacaq.
Cənubi Koreyanın Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, təlimlər Şimali Koreyanın nüvə-raket təhdidlərinə qarşı üç ölkənin birgə hərbi əməkdaşlığını bərpa etmək planının bir hissəsidir.
Qeyd edək ki, Cənubi Koreya və ABŞ hərbçilərinin Şərq (Yapon) dənizində keçirdiyi dördgünlük birgə hərbi dəniz təlimləri sentyabrın 29-da başa çatıb. Təlimlərə hər iki tərəfdən xeyli sayda canlı qüvvə, 20 hərbi gəmi, o cümlədən ABŞ-ın nüvə başlıqlı raketlərə malik “USS Ronald Reyqan” təyyarədaşıyan gəmisi və “USS Annapolis” sualtı qayığı, müxtəlif növ hərbi təyyarə və helikopterlər cəlb olunub.
Pekin