İQTİSADİYYAT
“Çarter” Sığorta İnstitutu Azərbaycanda sığorta şirkətlərinə sertifikatlaşdırma xidmətinin göstərilməsi ilə bağlı layihə həyata keçirəcəkdir
Bakı, 2 iyun (AZƏRTAC). Böyük Britaniyanın “Çarter” Sığorta İnstitutu (Cİİ) Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə birlikdə yerli sığorta şirkətlərinə sertifikatlaşdırma xidmətinin göstərilməsi ilə bağlı layihə həyata keçirəcəkdir.
ASA-dan AZƏRTAC-a bildirmişlər ki, Maliyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi milli sertifikatlaşdırmanın, eləcə də bununla bağlı dərsliklərin “Çarter” Sığorta İnstitutunun standartlarına uyğunlaşmasıdır.
Tərəflər arasında bununla bağlı lisenziya razılaşması imzalanmışdır.
Maliyyə Nazirliyinin təşəbbüsü ilə dərsliklər Azərbaycan-ingilis və rus-ingilis dillərində hazırlanacaqdır. Dərsliklər “Cİİ Award” dərəcəsi üzrə sertifikatlaşmaya hazırlıq üçün əsas olacaqdır. 2015-ci ildən etibarən isə beynəlxalq standartlara uyğun mütəxəssislərin hazırlığına başlanması nəzərdə tutulmuşdur.