MƏDƏNİYYƏT
Çex Respublikasının mədəniyyət naziri Bakı Slavyan Universitetində olmuşdur
Bakı, 31 may (AZƏRTAC). Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Çex Respublikasının mədəniyyət naziri xanım Alena Hanakova mayın 31-də Bakı Slavyan Universitetində (BSU) olmuşdur.
AZƏRTAC xəbər verir ki, görüşdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sahibə Qafarova BSU-nun fəaliyyəti barədə geniş məlumat vermişdir.
Bu ali təhsil ocağında fəaliyyət göstərən Çex Dili və Mədəniyyəti Mərkəzində çexiyaşünas tələbələrlə keçirilən görüşdə mərkəzin müdiri Roza Şəfiyeva bildirmişdir ki, mərkəzdə Çexiyanın tarixi və mədəniyyəti ilə bağlı tədbirlər, bu ölkənin dövlət, mədəniyyət və elm xadimləri ilə görüşlər, mühazirələr, seminarlar təşkil edilir. Çex Respublikasının nüfuzlu ali təhsil ocaqları ilə BSU-nun sıx əlaqələri də mövcuddur.
A.Hanakova ölkəmizdə keçirilən beynəlxalq tədbirdə iştirakından söhbət açmış, Bakının gözəlliyinə heyran olduğunu vurğulamışdır.Qonaq ölkəsi tərəfindən mərkəzin Çexiyanın milli geyimləri ilə təmin olunacağını da bildirmişdir.
Görüşdə çexşünas tələbələr çex xalq mahnısı ifa etmişlər.
Sonra A.Hanakova mərkəzin Fəxri qonaqlar kitabına ürək sözlərini yazmış, tələbələrin suallarını cavablandırmışdır.
Çex Respublikasının Azərbaycandakı səfiri Radek Matula tədbirdə iştirak etmişdir.