DÜNYA
Çin 22 nanometrli texnologiyanı mənimsəmişdir
Bakı, 7 yanvar (AZƏRTAC). Çin mikroelektronika sahəsində növbəti sıçrayış etməyə hazırlaşır: ölkənin alimləri inteqral mikrosxemlər istehsalının 22 nanometrli texnologiyasını mənimsəmişlər. Bu məlumatı “Sinxua” agentliyi Çin Elmlər Akademiyasının Mikroelektronika İnstitutuna istinadən yaymışdır.
Elmi müəssisədən bildirmişlər ki, institutun mütəxəssisləri səyyar tranzistorların 22 nanometr enində sürgüyə malik təcrübi nümunələrini yaratmağa nail olmuşlar. Bu, belə qalın işlək layı olan mikrosxem istehsalı sahəsində atılan ilk addımdır. Alimlər təsdiq edirlər ki, silisium əsaslı materialların metallar və onların oksidləri ilə əvəzlənməsi məhsulun dəyərini aşağı salmağa və eyni zamanda, cihazların enerji sərfinin səmərəliliyini və məhsuldarlığı artırmağa imkan vermişdir.
22 nanometr insan tükünün diametrindən təxminən 2300 dəfə kiçik olan bir hissədir. Mikroelektronika üçün bu rəqəm onu göstərir ki, eninə kəsilmiş tükün ölçüsündə olan sahədə 10 milyonadək tranzistor yerləşdirmək olar. Bu tranzistorlar məntiqi qurğuların əsas elementlərini təşkil edir. Dünyanın bir sıra şirkətləri kompyuter, mobil telefon və digər texniki vasitələrin istehsalını daha ucuz və daha kütləvi şəkildə həyata keçirmək üçün 22 nanometrli texnologiyaya yiyələnməyə çalışırlar. Çin Xalq Respublikası müvafiq tədqiqat layihələrinin reallaşdırılmasına 2009-cu ildən başlamışdır.
Çinli alimlər ümid edirlər ki, həmin texnologiyanın sənayedə istifadəsi onların ölkəsinə idxaldan asılılığı azaltmağa və özünün mikroelektron detal istehsalçılarının rəqabətqabiliyyətliliyini artırmağa imkan verəcəkdir.