SİYASƏT
Çin mətbuatı Azərbaycanda keçirilmiş prezident seçkiləri barədə xəbərlər yaymaqda davam edir
Pekin, 11 oktyabr (AZƏRTAC). Çin mətbuatı Azərbaycanda keçirilmiş prezident seçkiləri barədə xəbərlər yaymaqda davam edir.
Ölkənin milli informasiya agentliyi olan Sinxua oktyabrın 11-də yaydığı xəbərdə Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərin ilkin nəticələri ilə bağlı xalqa müraciətindən bəhs etmişdir. Müraciətdən sitatlar gətirən Sinxua qeyd edir ki, Prezident İlham Əliyev bu seçkilərin demokratiyanın qələbəsi olduğunu bildirmişdir: “Bu seçkilərin azad, şəffaf şəkildə keçirilməsi demokratiyaya doğru atılan növbəti ciddi addımdır”.
Sinxua xəbər verir ki, Prezident İlham Əliyev ona böyük etimad göstərmiş xalqına minnətdarlıq edərək demişdir: “Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm, daim Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyəm”.
Agentliyin seçkilər barədə digər xəbəri isə Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovdan və Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovdan alınmış müsahibələr, habelə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun fikirləri əsasında hazırlamışdır.
E.Aslanov Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsini Azərbaycan xalqının layiqli seçimi kimi xarakterizə etmişdir: “Azərbaycan xalqının seçdiyi şəxs ölkənin uğurlu gələcəyini təmin edəcəkdir”.
Prezident seçkilərinin yüksək siyasi fəallıq şəraitində keçdiyini qeyd edən Ə.Əhmədov müsahibəsində bildirmişdir ki, səsvermənin nəticələri xalqın böyük əksəriyyətinin Prezident İlham Əliyevin siyasi kursunun davamına tərəfdar olduğunu göstərdi.
Sinxua, həmçinin Elin Süleymanovun bu fikrinə istinad etmişdir: Seçkilərdəki qələbə xalqın Prezident İlham Əliyevin güclü, müstəqil və çiçəklənən Azərbaycan quruculuğuna dair strategiyasını qəbul etdiyinin göstəricisidir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin