ELM VƏ TƏHSİL
Dahi liderə həsr olunmuş tədbir
![](/files/galleryphoto/2022/2/1200x630/16517659824713865056_1200x630.png)
![](/files/galleryphoto/2022/2/1200x630/16517659822000946819_1200x630.png)
![](/files/galleryphoto/2022/2/1200x630/16517659825454343572_1200x630.png)
Bakı, 5 may, AZƏRTAC
Paytaxtdakı 10 nömrəli tam orta məktəbdə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, tədbirdə Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri məktəbin direktoru Şəfayət Orucova açaraq Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirib. Məktəb direktoru dahi şəxsiyyət Heydər Əliyevin ölkənin təhsil sisteminə göstərdiyi diqqət və qayğıdan danışıb.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. M.Vəliyeva bildirib ki, dahi lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi təhsil sahəsində də böyük nailiyyətlər əldə olunub.
Ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini deyən idarə müdiri ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb. M.Vəliyeva, həmçinin Ümummilli Liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsinin, onun zəngin irsinin tədqiqi və təbliğinin şagirdlərin əsil vətəndaş kimi formalaşdırılmasına əlverişli zəmin yaratdığını bildirib.
YAP Nizami Rayon təşkilatının sədri Ramil Vəlibəyov, 229 nömrəli tam orta məktəbin qazi müəllimi Qədir Daşdəmirov ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki xilaskarlıq missiyasından bəhs edib, təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Həmçinin məktəblilərin vətənpərvərlik mövzusunda səsləndirdikləri mahnılar maraqla qarşılanıb.
Sonda Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.