Azərbaycan Dövlət İnformasiya Agentliyi

DAŞINAR ƏMLAKIN RƏSMİ REYESTRLƏRİ, ONLARIN TƏRTİB EDİLMƏSİ VƏ APARILMASI QAYDALARI

Azərbaycan Respublikası Prezidentinin
2007-ci il “11”aprel tarixli Fərmanı ilə
təsdiq edilmişdir
 
Əlavə 1
 
I. Ümumi müddəalar
 
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində mülkiyyət formasından asılı olmayaraq daşınar əmlakın rəsmi reyestrlərinin (bundan sonra - reyestrlər) tərkibini, onların tərtib edilməsi və aparılmasının ümumi qaydalarını müəyyən edir.
1.2. Reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir.
Reyestrlərdə olan məlumat, həmin məlumatın aid olduğu əmlak məhv edildikdə və ya daimi olaraq Azərbaycan Respublikasından kənara çıxarılması ilə bağlı özgəninkiləşdirildikdə silinir.
1.3. Reyestrlər Azərbaycan Respublikasının dövlət dilində aparılır.
1.4. Qanunvericiliklə müvafiq reyestrlərin aparılmasının xüsusi qaydasını tənzimləyən müddəalar nəzərdə tutula bilər.
1.5. Reyestrlər kağız və elektron daşıyıcıları üzərində aparılır. Reyestrlərin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə, kağız üzərindəki məlumata üstünlük verilir. Reyestrdəki yazılarla hüquqların qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir.
1.6. Reyestr kitabı möhkəm üz səhifəsi ilə əhatələnmiş (tikilmiş) vərəqlərdən ibarət olan (vərəqlərinin yalnız cırmaq və ya kəsmək yolu ilə çıxarılması mümkün olan) cildlərdən təşkil edilir. Reyestr kitabının hər bir cildinin üzərinə həmin cildə daxil olan ilk və sonuncu bölmələrin və vərəqlərin nömrələri əks etdirilir. Hər bir cildə daxil olan bölmələrin və vərəqlərin sayı özlərindən əvvəl gələn cildə daxil olan bölmələrin və vərəqlərin sayını davam etdirir.
1.7. Reyestr elektron daşıyıcılar üzərində «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının müddəalarına uyğun olaraq aparılır. Bu zaman aşağıdakı tələblərə riayət olunmalıdır:
1.7.1. məlumatların işlənməsinin lazımi qaydasının gözlənməsi, xüsusilə məlumatların itirilməsinin qarşısının alınması, məlumatların qanunsuz əldə edilməsinin istisna edilməsi üçün etibarlı müdafiə sisteminin yaradılması üzrə tədbirlər görülməsi;
1.7.2. məlumatların məlumat bazasına operativ daxil edilməsi, orada dəyişilməz və aydın şəkildə oxunaqlı vəziyyətdə saxlanılması;
1.7.3. məlumatların daxil edilməsinin, dəyişdirilməsinin və silinməsinin sübut olunması mümkünlüyünün təmin edilməsi.
1.8. Reyestrin elektron daşıyıcılar üzərində aparılması, həmçinin eyni qaydada daşınar əmlak, həmin əmlaka olan hüquqlar və bu hüquqların sahibləri, məhdudlaşdırmalar və s. göstəricilər üzrə müvafiq siyahıların tərtib edilməsi və işlək vəziyyətdə saxlanmasını nəzərdə tutur.
 
II. Reyestrlərin tərtib edilməsi və aparılması qaydası
 
2.1. Reyestrlərdə hər bir daşınar əmlaka dair məlumat bölməsi tərtib edilir. Bölmələr ərəb rəqəmləri ilə nömrələnir. Hər bir bölmədə aşağıdakı məlumatlar qeydə alınmalıdır:
2.1.1. daşınar əmlakın adı, növü və onun (tərkib hissələrinin) fərdi nömrəsi (nömrələri);
2.1.2. daşınar əmlakın mülkiyyətçisi və onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər barədə məlumat;
2.1.3. daşınar əmlaka mülkiyyət hüququnu və digər əşya hüquqlarını təsdiq edən sənədlər barədə məlumat (sənədlərin rekvizitləri göstərilməklə);
2.1.4. daşınar əmlak üzərində hüquqların məhdudlaşdırılmasını, başqasına keçməsini və bu hüquqlara xitam verilməsini təsdiq edən sənədlər barədə məlumat (sənədlərin rekvizitləri göstərilməklə).
2.2. Daşınar əmlakın reyestrlərdə qeydiyyatı aşağıdakı sənədlər əsasında aparılır:
2.2.1. daşınar əmlak barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış əqdlər;
2.2.2. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
2.2.3. qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslar.
2.3. Daşınar əmlak üzərində hüquqların qeydiyyatı həmin əmlakın mülkiyyətçiləri və ya onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər tərəfindən verilmiş ərizə əsasında aparılır.
Ərizədə onu təqdim edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.
Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər.
Ərizənin forması və ərizəyə əlavə edilməli olan sənədlərin siyahısı bu Qaydalara və digər qanunvericilik aktlarına uyğun olaraq reyestrləri aparan icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunur.
2.4. Ərizə daşınar əmlak əmələ gəldikdən (istehsal edildikdən), onun barəsində əqd bağlandıqdan və ya onun üzərində hüquqlar məhdudlaşdırıldıqdan sonra qanunla başqa müddət nəzərdə tutulmamışdırsa, 5 (beş) iş günü müddətində verilir.
2.5. Hüquqların qeydiyyatı, ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır.
2.6. Ərizə jurnalı (ərizələrin qeydiyyat kitabı) və hüquqların qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqlar reyestrin ayrılmaz tərkib hissəsidir.
2.7. Ərizə jurnalında aşağıdakılar barədə məlumat göstərilir:
2.7.1. ərizəçilər, xahişin məzmunu, daşınar əmlaka dair sənədlər, hüquq sahibləri;
2.7.2. hüquqların qeydiyyatı haqqında verilmiş müvafiq sənədlər;
2.7.3. reyestrdən bu Qaydaların 3.1-ci və 3.2-ci bəndlərinə müvafiq olaraq verilmiş məlumatlar və onları almış şəxslər.
2.8. Ərizə və ona əlavə olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə, 5 (beş) iş günü müddətində reyestrlərdə müvafiq qeydiyyat aparılaraq ərizəçiyə daşınar əmlakın reyestrdə qeydiyyata alınması barədə qanunvericiliklə müəyyən edilmiş formada müvafiq sənəd verilir. Müstəsna hallarda əlavə araşdırma zərurəti yarandıqda, bu müddət 15 (on beş) iş gününədək artırıla bilər.
2.9. Təqdim edilmiş sənədlərdə daşınar əmlakın qeydiyyata alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, həmin sənədlər ərizəçiyə qaytarılır və çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 5 (beş) iş günü müddəti təyin edilir. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün ərizəçiyə rəsmi qaydada bildirilməlidir.
2.10. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar aradan qaldırılıb sənədlər yenidən təqdim edildikdən sonra 5 (beş) iş günü müddətində reyestrlərdə müvafiq qeydiyyat aparılaraq ərizəçiyə daşınar əmlakın reyestrdə qeydiyyata alınması barədə qanunvericiliklə müəyyən edilmiş formada müvafiq sənəd verilir.
2.11. Hüquqların qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edilə bilər:
2.11.1. qeydiyyat barədə müraciət olunan hüquq qanunvericiliyə əsasən qeydiyyata alınmalı deyildirsə;
2.11.2. hüquqların qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;
2.11.3. hüquqların qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;
2.11.4. daşınar əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;
2.11.5. qanunvericiliklə nəzərdə tutulan digər hallarda.
2.12. Əmlakın qeydiyyata alınması üçün imtinaya səbəb olan çatışmazlıqlar müəyyən edildikdə, bu barədə ərizəçiyə 5 (beş) iş günü müddətində yazılı məlumat verilir. Müstəsna hallarda əlavə araşdırma zərurəti yarandıqda, bu müddət 15 (on beş) iş gününədək artırıla bilər.
2.13. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında daşınar əmlak üzərində hüquqların qeydiyyatı müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətdə həyata keçirilir.
2.14. Daşınar əmlakın ipotekasının qeydiyyatı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada həyata keçirilir.
 
III. Reyestrlərdən məlumatın alınması qaydası
3.1. Reyestrlərdən məlumat almaq üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq reyestri aparan icra hakimiyyəti orqanlarına müraciət edirlər. Müraciətə fiziki şəxslər - şəxsiyyəti təsdiq edən sənədin surətini, hüquqi şəxslər - hüquqi şəxsin dövlət qeydiyyatına alınmasını qanunvericiliyə uyğun olaraq təsdiq edən sənədin surətini və ərizə nümayəndə tərəfindən verilirsə, nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnaməni əlavə edirlər.
3.2. Reyestrlərdən məlumat (və ya məlumatın verilməsindən imtina barədə qərar) ərizə qeydiyyata alındığı tarixdən 3 (üç) iş günü müddətində verilir. Reyestrlərdən məlumat reyestrləri aparan icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş formada, sənədin nömrəsi və tarixi göstərilməklə, həmin orqanın vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilərək verilir.
3.3. Reyestrlərdən məlumat və ya məlumatın verilməsindən imtina barədə qərar ərizəçiyə bilavasitə təqdim edilir və ya poçt vasitəsilə göndərilir.
3.4. Məlumatın verilməsindən aşağıdakı hallarda imtina edilir:
3.4.1. ərizəçini maraqlandıran məlumat dövlət sirrini təşkil etdikdə;
3.4.2. müəyyən edilmiş qaydada tələb olunan sənədlər təqdim edilmədikdə.
 
IV. Reyestrlərdə dəyişikliklərin və düzəlişlərin edilməsi
 
4.1. Reyestri aparan icra hakimiyyəti orqanı reyestrə daxil edilmiş məlumatlarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan dəyişikliklər və qeydiyyat zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır.
Hüquqların qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində yazılı məlumat verilməlidir.
4.2. Hüquqların qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi və dəyişikliklər hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.
 
V. Yekun müddəalar
 
5.1. Hər bir qeydiyyata alınmış daşınar əmlaka aid sənədlər həmin əmlakı qeydiyyata almış icra hakimiyyəti orqanlarında qanunvericiliklə müəyyən edilmiş müddət ərzində saxlanılır. Həmin icra hakimiyyəti orqanları sənədlərin salamat saxlanmasına görə məsuliyyət daşıyırlar.
5.2. Daşınar əmlakın qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri qeydiyyat qaydalarını pozduqda qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
5.3. Ərizəçilər təqdim etdikləri sənədlərin və onlarda göstərilən məlumatların düzgünlüyünə görə qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
5.4. Daşınar əmlakın qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının qəbul etdiyi qərarlardan və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin